Elman Nəsirli: “Ermənistanın güzəştə getməkdən başqa heç bir çarəsi yoxdur” AÇIQLAMA

7 Fevral 2015 11:53 (UTC+04:00)

"Hesab edirəm ki, Azərbaycan dövlətinin Xocalı və Dağlıq Qarabağdakı vəhşiliklərə görə Ermənistanı Haaqa məhkəməsinə verə bilər. Prinsip etibarilə Ermənistanın törətdiyi vəhşiliklər, xüsusilə Xocalı soyqırımı bəşəriyyətə qarşı bir cinayətlərdir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli deyib.

Politoloqun sözlərinə görə, Ermənistanı istənilən məhkəməyə, eləcə də Haaqa məhkəməsinə vermək lazımdır: "Bildiyiniz kimi, Ermənistan Avropa Şurasının üzvüdür. Düşünürəm ki, işğalçı ölkəni Avropa Şurasının İnsan hüquqları məhkəməsinə də vermək mümkündür. Yəni prinsip etibarilə rəsmi İrəvana qarşı bütün təsir və təzyiq üsullarından istifadə etmək lazımdır. Çünki sonda onlar bu təzyiqlər qarşısında açıq şəkildə öz mövqelərini büruzə versinlər. Ermənistanla ənənəvi dildə danışmaq, indiyədək tətbiq olunan üsullarla, metodlarla işğalçı ölkənin mövqeyini dəyişmək mümkün deyil. Belə olan təqdirdə Ermənistan danışıqlardan da imtina etmir, amma danışıqlara yalnız danışıqlar naminə gedir. Təbii ki, sonda da heç bir nəticə hasil olmur. Rəsmi İrəvana müxtəlif istiqamətlərdən, ATƏT-in Minsk qrupu çərçivəsində bu məsələnin kəskin qoyulması kimi, təzyiqlər edilməlidir".

E.Nəsirli hesab edir ki, bu gün Azərbaycan ordusu davamlı şəkildə güclənməkdədir: "Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı hərbi təlimləri keçirildi. Hətta orada Azərbaycan müdafiə naziri Zakir Həsənov belə bir fikir söylədi ki, artıq Ermənistan ordusu da köçməkdədir. Ordu sahəsində bizim güclənməyimiz, fərdi potensialımızın artması, eyni zamanda hüquqi müstəvidə Ermənistana qarşı təzyiq mexanizmlərinin işə salınması, hesab edirəm ki, işğalçı ölkəni sözün həqiqi mənasında küncə sıxmış olur. Ermənilərin güzəştə getməkdən başqa heç bir çarələri yoxdur".