Azərbaycan Prezidenti Münxendə görüşlər keçirib FOTOLAR

6 Fevral 2015 23:28 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Avropa Şurasının baş katibi Torbyorn Yaqland ilə görüşüb. Görüşdə Azərbaycanda gedən demokratik proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı, xalqlarımız arasında dostluq münasibətlərinin əlaqələrimizin inkişafına öz töhfəsini verdiyi qeyd edilib. Azərbaycanın Serbiya iqtisadiyyatında, o cümlədən bu ölkədə yol inşası sahəsində uğurla iştirak etdiyi diqqətə çatdırılıb. Bu görüşün əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı perspektivlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirilib.

Söhbət zamanı Azərbaycanın xarici ölkələrə fəal şəkildə sərmayə qoymasının əhəmiyyəti vurğulanıb. Serbiya tərəfinin Azərbaycan şirkətlərinin bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrində iştirakının genişləndirilməsində maraqlı olduğu bildirilib.

Görüşdə energetika sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib, ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Fransa Respublikasının müdafiə naziri Jan-İv Lö Drian ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin son illərdə müxtəlif sahələr üzrə intensiv inkişaf etdiyi bildirilib. Bu əməkdaşlığın nəticəsi olaraq ötən il Azərbaycanın ikinci peykinin istismara verilməsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına, əməkdaşlığın yeni sahələrinin müəyyən olunmasına təkan verdiyi diqqətə çatdırılıb. Əlaqələrimizin müdafiə sənayesi sahəsində də genişləndiyi bildirilib.