"Biz belə qəbul etmişik ki, OPEC-in qərarları neftin qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ən əsas fikirdir. Ona görə də OPEC mövqeyini belə davam etdirdiyi təqdirdə, şübhəsiz ki OPEC-ə üzv olan və ya olmayan ölkələrin hamısında neftlə bağlı daxil olmalarda azalma davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. O qeyd edib ki, OPEC-in açıqlaması mütləq deyil. OPEC sadəcə psixoloji olaraq təzyiq etmək üçün bəzi fikirlər səsləndirir: "Neft hasil edən ölkələrin sıxıntıları var. Neftin qiyməti ilə bağlı ən əhəmiyyətli qurum OPEC-dir. Neftin qiymətini müəyyənləşdirmək lazımdır. Amma OPEC-in üzvü olmayan kifayət qədər güclü neft istehsalçıları da var. Amma mən istərdim bu mövzuya fərqli diqqəti çəkim. Belə ki, OPEC-in bu açıqlaması mütləq deyil ki, bir il boyunca neftin qiymətini eyni şəkildə saxlasın. OPEC neftin qiymətini aşağı salmaqla hansı dövlətlərə köməklik göstərməyi və ola bilsin ki, digər dövlətlərə təzyiq etməyi nəzərdə tuturdu. Onların üstündəki bu təzyiqi ağırlaşdırmaq məqsədi ilə bu açıqlamanı verib. Birinci növbədə gözlənilirdi ki, bəzi ölkələr artıq neftlə bağlı addımlarını geri atacaq. Yəni "lazımı addımlar atılmasa, neftin qiyməti ilə bağlı siyasətimiz davam edə bilər" kimi şüar səslənirdi. Bu, ən çox psixoloji təzyiq əhəmiyyəti daşıyır".
Araz Aslanlı onu da vurğuladı ki, fondlar formalaşdıran ölkələr neftin qiymətinin aşağı düşməsindən az zərər görəcək: "Eyni zamanda hansı ölkələr ki neft fondu şəklində qruplar formalaşdırıb, yəni neftdən daxilolmalar birbaşa büdcədə əks olunmur və hər il də müəyyən miqdarda neft fondundan büdcəyə daxil olmalar nəzərdə tutulur, həmin ölkələrdə zərərlər ağır olmaya bilər. Azərbaycan bundan özünü müəyyən dərəcədə konpensasiya edib. Çünki neft fonduna daxil olmalar azala bilər, amma neft fondundan büdcəyə daxil olmalar əsasən nəzərdə tutulduğu kimi, gedir. Yəni cüzi azalma müşahidə olunur. Bu cür fondları olan ölkələr daha az zərər görər. Bu cür fondları olmayan, birbaşa neftin qiyməti ilə büdcələr arasında daha sıx əlaqə olan ölkələr daha çox sıxıntı yaşayacaq".