Həsrətin bir yığın qar topasıdır,
Qəlbimin gözüylə əritəsiyəm.
Hələ bu sevginin əlifbasıdır,
Onu iliyinə yeritəsiyəm.
Çətin ki, bu eşqdən üz çevirəsən.
Qanınla yeriyər əzalarına.
Elə yan — ömürlük dözə biləsən,
Bu qəfil sevginin əzablarına.
Darıxma, bu hələ harasıdır, eh,
Görəcək günlərin vardır qabaqda.
Gözündə nəm görüb, kipriyində şeh,
Dayanıb həzz allam səndən uzaqda.
Yanıb-yaxılarsan "qayıt gəl" deyə,
Mən isə özümü sındırmaram, yox.
Necə ki başlarsan qəribsəməyə,
Vüsal bəxş eylərəm, əzabından çox.
Bax, onda bilərsən yaşamaq nədir.
Həyat gözlərində ucalar, qalxar
Sevgisiz bu dünya boş əfsanədir,
Gözlərin hər şeyə sevgiylə baxar.
Bax, budur gözəllik, bax, budur həyat.
Qızılgül cövhəri dünyada təkdir.
Ən müqəddəs əzab, ən dəyərli dad
Məhəbbət yolunda əzab çəkməkdir.
Qiymət Məhərrəmli