Mübariz Əhmədoğlu: “Problemin həlli üçün Qazaxıstan prezidentinin real təşəbbüsləri dəstəklənməlidir”

4 Fevral 2015 14:39 (UTC+04:00)

"Ukrayna probleminin həlli üçün Qərb prezident Pyotr Poroşenkonun piar aksiyasını deyil, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin real təşəbbüslərini dəstəkləməlidir". SİA-nın məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Petro Poroşenkonun anti-Rusiya hərəkətlərinin Qərb tərəfindən dəstəklənməsi münaqişə arealını daha da genişləndirib: "Petro Poroşenkonun anti-Rusiya hərəkətlərinin nə dərəcədə əsaslı olmasından asılı olmayaraq, Qərb tərəfindən dəstəklənməsi münaqişə arealını daha da genişləndirib. Minsk görüşü ərəfəsində Ukrayna Donetsk aeroportunu ələ keçirməyə səy göstərdi və lokal uğur qazandı. Görünür, separatçılar və ya Rusiyanın dəstəklədiyi qüvvələr vəziyyətin belə dönüşünə hazır deyildilər. Ona görə də, Mariupola hücum etdilər. Mariupolu ələ keçirəcəyi təqdirdə, Rusiya Krım da daxil olmaqla Ukraynanın şərqini bu ölkənin digər ərazilərindən ayıracaq, bufer zonaya çevirə biləcəkdir. Başqa sözlə, rəsmi Kiyevin nəzarət etdiyi sərhədlər Rusiyadan xeyli uzaqlaşacaqdır. Minsk razılaşmasının açıq və gizli bəndləri Qərb dövlətlərinə yaxşı bələd olduğu halda onlar sonuncu Minsk görüşü ərəfəsində rəsmi Moskvaya təzyiq edib, onun mövqeyini dəyişdirmək istəyirdilər. Rəsmi Vaşinqton bunu gizlətmir. Rusiyadakı ABŞ səfiri Con Teft açıq şəkildə bəyan etdi ki, ölkəsinin məqsədi Rusiya hökumətini deyil, onun siyasətini dəyişməkdir".

"ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunma ehtimalından danışdı. Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların müddətini daha da uzatdı. AŞPA aprel ayınadək Rusiya nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Əvəzində, Rusiya 2015-ci ilin sonunadək AŞPA-nın fəaliyyətində iştirak etməyəcəyini bildirdi. Mariupol hadisələrindən sonra BMT TŞ-də müzakirələr başlasa da, Rusiya yekun sənədin qəbul olunmasına imkan vermədi. Nursultan Nazarbayevin Ukrayna ilə əlaqəli təşəbbüsləri uğurla nəticələnmədi. Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Petro Poroşenko Astanada Normand formatında görüşə hazır olduqlarını dəfələrlə bəyan etsələr də, Rusiya Astanada danışıqların baş tutması üçün şərt irəli sürür ki, ortada əvvəlcədən müzakirə olunub razılaşdırılmış təkliflər olmalıdır. Rəsmi Kiyev Donbas və Luqanskla birbaşa danışıqlara getməlidir. Yalnız bu, barışığın bünövrəsi hesab edilə bilər. Fransua Olland Vladimir Putinin bütün Şərqi Ukraynanı anneksiya etmək məqsədinin olmadığını bildirdi" - deyə, politoloq bildirib.

Politoloq deyib ki, Ukrayna hadisələrinin yeni proseslərindən biri də vasitəçilərin sayının artmasıdır: "Qazaxıstandan sonra İsrail də Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bildirdi. Eləcə də, Almaniya xarici işlər naziri də Almaniyanın Ukrayna ilə danışıqlarında vasitəçilik etməsinə hazır olduğunu bildirdi. Mariupol hadisələrindən sonra P.Poroşenko Minskdə imzalanmış müqavilənin prioritet olmasından danışdı. Ukraynanın eks-prezidenti L.Kravçukun fikrincə, Ukrayna parçalanır. Danışıqların nəticəsiz qalması, hərbi əməliyyatların uzanması Qərblə Rusiya arasında hərbi gərginliyi artırdı. ABŞ və NATO Ukrayna ərazisinə Rusiya qoşunlarının daxil olduğunu bildirdilər. Bunun əvəzində V.Putin Ukraynanın ordusunun olmadığını, orada döyüşlərin NATO qruplaşmaları tərəfindən aparıldığını bildirdi. NATO dərhal bunu inkar etdi".

M.Əhmədoğlu vurğulayıb ki, Rusiya prezidenti V.Putin ordu qarşısında NATO-nun Rusiya üzərində üstünlüyə imkan verməmək göstərişini verdi: "Müdafiə naziri Sergey Şoyqu bu tapşırığın yerinə yetiriləcəyini bildirdi. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Qərbi hərbi və qeyri- hərbi formaları birləşdirməklə Rusiyaya qarşı yeni mübarizə formasından istifadə etməkdə ittiham etdi. Böyük Britaniya xarici işlər naziri Rusiyanın Böyük Britaniyadakı səfiri A.Yakovenkoya Rusiya hərbi təyyarələrinin La-Manş boğazı üzərində uçuşlarına görə xəbərdarlıq etdi. RF səfiri bu uçuşların beynəlxalq hüquq normalarına uyğun keçirildiyini bildirdi".

Politoloq deyib ki, Ukrayna baş naziri Arseni Yatsenyukun SSRİ-ni Ukrayna və Almaniyaya hücum etməkdə ittiham etməsi geniş rezonans yaratdı: "Polşa onun bu fikirlərinə dəstək versə də, Ukrayna ilə əlaqəli siyasətini dəyişib. Öz ərazisinə ukraynalıların daxil olmasına mane olan rəsmi Varşava Donbasda yaşayan etnik polyakların evakuasiyasına başladı. Polşa revers rejimində Ukraynaya qazın nəqlini dayandırdı. Osvensimin azad olunması da SSRİ-nin hesabından silindi. Bu da rezonans yaratdı, lakin Almaniya prezidenti bu məsələnin sovet əsgərlərinin xidməti olduğunu bildirdi. V.Putin Beynəlxalq Valyuta Fondunun prezidenti K.Laqardla bu qurumun Kiyevə uzunmüddətli vəsait ayırmasını müzakirə etdi. ABŞ Dövlət Departamenti Ukrayna dövlət büdcəsinin şəffaf olmadığını bildirdi".

M.Əhmədoğlu qeyd edib ki, Rusiya Dəmir Yollarının başçısı Vladimir Yakunin Ukraynadan kənar keçən dəmir yolunun çəkilməsinə başladığını bildirdi: "RF-dən Avropaya gedən dəmir yolu 26 km Ukraynanın ərazisindən keçir. Yol uzandığına görə, sərnişindaşımaların xərci də artacaqdır. V.Yakunin bunu digər yollarla kompensasiya edəcəklərini bildirdi. Ukrayna rəhbərliyi Ukrayna dövlətçiliyinin gələcəyi ilə təhlükəli risk edirlər. Bu isə qarşı tərəfin havasına oynamaqdır. Şübhəlilik L.Kuçmanın statusunun mübahisə obyektinə çevirmək həddindədir. Ukrayna dövlətçiliyini saxlamaq üçün yeni Nazarbayev yanaşması lazımdır".