Qaradağ rayonunda 2014-cü ilin yekunları müzakirə olunub

4 Fevral 2015 14:02 (UTC+04:00)

Bu gün Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayon icra hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda çıxış edən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın bu gün ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində hərtərəfli inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da artdığını bildirdi: "Ötən il dünyada müşahidə olunan qlobal maliyə böhranı ilə əlaqədar yaranan iqtisadi və siyasi çətinliklərə baxmayaraq, ölkəmiz öz sürətli inkişaf tempini saxlaya bilib. Müstəqil Azərbaycanın inkişafında öz müsbət hadisələri ilə yadda qalan 2014-cü il də tarixə çevrilib. Dövlət Proqramlarının icrasının uğurla davam etdirilməsi bütün xalqımız kimi biz qaradağlıları da ürəkdən sevindirir. Müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi respublikamızın, o cümlədən də Qaradağ rayonunun sosial-iqtisadi inkişafını daha da sürətləndirir və əhalinin sosial problemlərinin həll edilməsi, yaşayışlarının daha da yaxşılaşması təmin olunur".

Daha sonra Qaradağ rayon icra icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini xüsusi diplom və fəxri fərmanlarla təltif ediblər.

Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ildə rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olunub.