"İstərəm" ŞEİR

4 Fevral 2015 10:30 (UTC+04:00)

Mən sənin eşqinin asimanında

Aya, ulduzlara çatmaq istərəm.

Min-min səadəti boyunbağıtək

Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha -

Heç nə istəmirəm taledən daha.

Bütün kədərini alıb çox baha,

Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də -

Həyatım bitəcək;

Həmin o gündə

Sənin gözlərinin dərinliyində

Boğulmaq istərəm, batmaq istərəm.

Əliağa Kürçaylı