"Bu gün Qarabağ probleminin olması və oradakı sərvətlərin talan edilməsi bizim iqtisadiyyyatımıza, tükənən sərvətlərimizə, o cümlədən ekoloji durumuza mənfi təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. O qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycana 500 milyarda manat zərər dəyib: "Hesablamalar apardığımız zaman Qarabağ münaqişəsi zamanı Ermənistanın Azərbaycana vurduğu iqtisadi zərər 2015-ci ilə qədər olan müddətdə orta hesabla 500 milyard manata (637,5 milyard ABŞ dolları) yaxındır. Göründüyü kimi rəqəmlər kifayət qədər yüksəkdir. Kəlbəcərdəki qızıl ehtiyatlarına gəldikdə isə sübuta ehtiyac yoxdur. Kəlbəcər-Laçın iqtisadi rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq təşkil edib. İqtisadi rayonda qoyunçuluq, maldarlıq, arıçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq kənd təsərrüfatının inkişaf etmiş sahələri, o cümlədən digər Qarabağda yerləşən iqtisadi rayonların faydalı qazıntıları saysız hesabsızdır".
Ekspert qeyd etdi ki, beynəlxalq qurumlar Azərbaycana qarşı ikili standartlarla yanaşırlar. Azərbaycanın iqtisadi yüksəlişindən bir çox qurum maraqlı deyil. Buna görə də iqtisadi təsir etmək istəyirlər. Biz isə ölkə başçısına inanırıq: "Beynəlxalq iqtisadi və siyasi qurumlar tərəfindən ikili yanaşmanın cavabı birdir. Xarici dairələr Azərbaycan iqtisadiyyatının inkişafında maraqlı deyillər. Çünki, hamıya məlumdur ki, dünya ölkələri yeni rəqib həzm etmək gücündə deyillər. Ona görə həm hüquqi, həm iqtisadi, həm də siyasi məsələlərdə Azərbaycana daim təsirlər göstərirlər. Ulu öndər səbəbsiz yerə qeyd etməmişdi ki, "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir". Bəli, bu gün ölkəmizdə iqtidisadi artım tempi var, çünki Azərbaycan öz resurslarını idarə edə bilir. Bir sıra dairələr valyuta və manatın məzənnəsi ilə bağlı böyük problemlər olacağını əlində bayraq edirlər. Valyuta dəyişkənliyi bütün ölkələrdə olur, əsas odur ki, həmin problemlərin öhdəsindən gələsən. Bizim dövlətimiz və ölkə başçımız bütün problemlərindən öhdəsindən gələ biləcək, bizim buna inamımız sonsuzdur".