İrəvan erməniləri Qarabağ ermənilərinə qarşı

3 Fevral 2015 16:34 (UTC+04:00)

Bu gün saat Bakı vaxtilə axşam saat 18:30-da "DQR"-in İrəvandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriləcək. Etiraz aksiyasına səbəb bir neçə gün öncə Berdzorda İrəvan erməniləri ilə Qarabağ erməniləri arasında baş verən və qanlı toqquşma ilə nəticələnən insident olub. Aksiya təşkilatçıları bununla bağlı bildiriblər ki, yanvarın 31-də "DQR" polisi Ermənistandan Dağlıq Qarabağ ərazisinə avtoyürüş təşkil edən müxalifətçi "Parlament təsisatı" nümayəndələrinə qarşı zor tətbiq ediblər. "İnsanları vəhşicəsinə döydülər, avtomobilləri və telekameraları sındırdılar"-deyə qeyd edən etirazçılar bildiriblər ki, onlar "DQR"-in İrəvandakı nümayəndəliyi qarşısında aksiyanı mütləq keçirəcəklər. Etirazçılar daha sonra bildiriblər: "Biz insan haqlarının pozulmasında elementar demokratik prinsiplərə qarşı çıxılmasına öz etirazımızı bildirəcəyik.

Xatırladaq ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan da əslən Qarabağdan olduğu üçün, Ermənistanda fəaliyyət göstərən müxalifət təşkilatlarına qarşı qondarma "DQR"-də xüsusi amansızlıq göstərilir. Belə hesab edilir ki, "Parlament təsisatı" təşkilatı üzvlərinin vəhşicəsinə döyülmələri əmrini də "DQR" polisinə Ermənistan prezidenti şəxsən verib.

Rövşən Nurəddinoğlu