"Miras"

3 Fevral 2015 10:14 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrında yeni "Miras" tamaşasının stolüstü oxunuşuna başlanılıb. SİA-nın verdiyi məlumata görə, səhnə əsərinin müəllifi tanınmış yazıçı – dramaturq Hüseynbala Mirələmovdur.

Yeni səhnə əsərinin mövzusu bir ailə daxilində müxtəlif əqidəli insanların fikir ayrılığı, sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun silahdaşları, digər tərəfdən firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi və onun valideynlərinin övladlarına kömək etmək üçün yeganə ümid yeri olan yaşadıqları mənzilin satılmasında görüb, ev sahibi yaşlı atanı yola gətirməkdən bəhs olunur. Hadisələr inkişaf etdikcə qəhrəmanların yanlış olduqları və özlərinin də gözləmədiyi xəbərlərlə rastlaşdıqları məlum olur.

İlk nümayişi may ayında nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi Tərtibatçısı İradə Muradovadır. Səhnə əsərində əsas obrazları Xalq Artisti Yasin Qarayev, Əməkdar Artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.