Oqtay Əsədov: “Elə danışdın ki, məni lap ağlamaq tutdu”

2 Fevral 2015 16:59 (UTC+04:00)

"Azərbaycan polisinin hüquq və səlahiyyəti artırılmalıdır". SİA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Etibar Hüseynov çıxış edib.

Onun sözlərinə görə, bu gün polisə qarşı zorakılıq, üstünə maşın sürmək, paqonunun sökülməsi hallarına rast gəlinir: "Kütləvi iğtişaşlar istisna olmaqla, dünyanın hər hansı bir ölkəsində belə halların şahidi olmamışam. Biz polisə qarşı hörmətimizi dəyərləndirməliyik. Onlar böyük tıxaclar vaxtı yayın istisi, qışın soyuğunda gərgin rejimlə işləyirlər. Küçədə birini bıçaqlayanda polis gəlməmiş həll olmur. Adi vaxtda isə polisin göstərişlərinə əməl etmirlər. Rusiyada polisin göstərişinə dizləri titrəyərək əməl edən şəxs Azərbaycan sərhədini keçəndə polislə aqressiya ilə danışırlar".

Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədovun münasibəti belə olub: "Polislərimiz haqqında elə danışdın ki, məni lap ağlamaq tutdu. Sən bizim polisi belə aciz görmüsən? Onların kifayət qədər səlahiyyətləri var. Hətta onlar özlərinə və dövlətə cavabdeh olan insanlardır. Bu günə qədər də heç bir polisin döyülməsi halları ilə rastlaşmamışam. Polis ola-ola maşınların sürəti kəllə-çarxa çıxıb. Düşünün ki, polis olmasa ölkədə vəziyyət necə olardı. Bu gün ölkədəki polislər öz işlərini lazımi səviyyədə görən şəxslərdir".