"Doing Business"lə bağlı seminar keçirilib

2 Fevral 2015 16:12 (UTC+04:00)

Fevralın 2-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı və Dünya Bankının Özəl sektorun inkişafı üzrə ekspertlərinin, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Seminar keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, seminarda "Doing Business" hesabatının müvafiq göstəricilərinin qiymətləndirilməsi üzrə metodologiyaya edilmiş dəyişikliklər barədə məlumat verilib.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Vurğulanıb ki, özəl sektorun inkişafını sürətləndirən əsas amillərdən biri əlverişli şəraitin yaradılmasıdır və bu sahədə ölkəmizdə sistemli, ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər bir sıra beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilir. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatıdır. Ötən ilin oktyabrında açıqlanan "Doing Business 2015" hesabatında Azərbaycan ən çox islahat aparan ilk 10 ölkə sırasında qərarlaşıb. Biznesə başlama, vergilərin ödənişi və əmlakın qeydiyyatı sahələrində Azərbaycanda həyata keçirilmiş 3 islahat hesabatda nəzərə alınıb. Əvvəlki hesabatla müqayisədə ölkəmizin mövqeyi bir çox göstəricilər üzrə yaxşılaşmışdır (vergilərin ödənilməsi göstəricisi üzrə 32 pillə, tikintiyə icazələrinin alınması üzrə 17 pillə, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 2 pillə, əmlakın qeydiyyatı üzrə 1 pillə irəliləmişdir). Eyni zamanda "Doing Business" hesabatının əsas göstəricisi olan "Etalon Qanunvericiliyə Yaxınlıq" (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 64.08-ə yüksəlib ki, (əvvəlki hesabatda 61.53) bu da ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılmış işlərin müsbət nəticəsidir.

Bildirilmişdir ki, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli Fərmanına uyğun olaraq, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə 8 istiqamət üzrə işlər aparılır.
Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Larisa Lesçenko hesabatın metodologiyasına edilmiş və nəzərdə tutulan yeni dəyişikliklər haqqında məlumat verib. Ümumilikdə, "Doing Business 2015" hesabatında 3 göstərici üzrə (kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması və müəssisənin bağlanması) qiymətləndirmə metodologiyasında dəyişiklik edilib, "Doing Business 2016" hesabatında isə daha 5 göstərici üzrə (tikintiyə icazələrin alınması, vergilərin ödənişi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, müqavilələrin icrasının təmin edilməsi) dəyişikliklərin aparılması nəzərdə tutulur.

Tədbrin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dünya Bankının Özəl sektorun inkişafı üzrə ekspertləri ilə aidiyyəti dövlət qurumlarında görüşlər keçiriləcək, müzakirələr aparılacaq.