Bu gün Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda "2 Fevral-Azərbaycan Gəncləri Günü" münasibətilə gənc rəssamların sərgisi keçirilib. SİA-nın verdiyi məlumata görə, sərgidə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, rəssamlar, media nümayəndələri və başqaları iştirak ediblər.
Sərgi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə baş tutub.
Tədbiri giriş sözü ilə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Bildirib ki, sözügedən sərgidə 400 rəssamın əsəri nümayiş olunub. Sərgi çərçivəsində 40-a yaxın gənc rəssam ittifaqa üzv qəbul edilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə "Gənclər Günü"nün 18 ildir ki, qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda gənclərin inkişaf etdirilməsi üçün mühüm işlər görülür. "Gənclər üçün Prezident Mükafatı" təsis edilib: "Prezident İlham Əliyev, həmçinin bu il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı".
Qeyd edək ki, sərgi 1 həftə nümayiş olunacaq.



.jpg)




