Fatma Mahmudova mükafat aldı

31 Yanvar 2015 09:52 (UTC+04:00)

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, xalq artisti, Prezident təqaüdçüsü Fatma Yaqub qızı Mahmudovanın 60 yaşı tamam olması münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 1968-ci ildə Ağdam Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayan F.Mahmudova burada çalışdığı müddət ərzində bir çox özünəməxsus obrazlar yaradıb. Sona xanım ("Dağılan tifaq", Ə.Haqverdiyev), Məryəm ("Fərhad və Şirin", S.Vurğun), Sara ("Solğun çiçəklər", C.Cabbarlı), Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Təhminə ("Təhminə və Zaur", Anar) və bu kimi rollarda çıxış edib.

Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan F.Mahmudova 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Aktrisa bu teatrda Bağdagül ("On min dollarlıq keyf", E.Sabitoğlu, C.Məmmədov), Xurma ("Hərənin öz ulduzu", S.Ələsgərov, İ.Məlikzadə), Gülbikə ("Bankir adaxlı", E.Sabitoğlu, T.Vəliyeva) Adilə Dudu ("Birgünlük siğə", S.Fərəcov, R.N.Güntəkin ), Atbalaxanım ("Adamın adamı", Anar, V.Adıgözəlov), Əsmər ("Məsmə xala dayımdır", R.Mustafayev, C.Məmmədov), Məryəm ("Şeytanın yubileyi", A.Babayev, O.Rəcəbov) və sair bu kimi rolları oynayıb.

Sənətdə qazandığı uğurlara görə F.Mahmudova 1989-cu ildə "Əməkdar artist", 2000-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Ömrünün 46 ilini sənətə həsr etmiş Fatma Mahmudovanı Mədəniyyət və Turizm Nazirliyinin kollektivi təbrik edir və ona yaradıcılıq fəaliyyətində uğurlar arzu edir.