Nyu-Yorkda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhərin böyük inzibati bölgüsü olan Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsla görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, naziri salamlayan Erik Adams ikitərəfli münasibətlərin inkişafından söz açıb. Ötən ilin noyabrında Nyu-Yorkun Bruklin və Bakının Səbail rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokolun imzalandığını deyən Erik Adams bu qardaşlaşmanın təşəbbüskarı olduğunu diqqətə çatdırıb. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsini izləmək üçün Azərbaycana səfər etdiyini xatırladan Erik Adams Bakının onun yaddaşında zəngin təəssüratlarla qaldığını, bundan sonra belə bir təşəbbüslə çıxış etdiyini deyib. Qeyd edib ki, Bruklin və Bakının Səbail rayonu arasında qardaşlaşma münasibətləri onları Azərbaycana daha da yaxınlaşdırıb. Həmçinin, Bruklində küçələrin birinin "Bakı", Bakıda isə bir küçənin "Bruklin" adlandıırılması təklifi nəzərdən keçirilib.
Erik Adams Bruklində çoxlu sayda azərbaycanlının yaşadığını və onların mədəni zənginlikləri ilə rayonun həyatında özünəməxsus rol oynadıqlarını vurğulayıb. Onun fikrincə, Azərbaycanla Bruklin arasında münasibətlər üç əsas istiqamət - təhsil, ticarət və mədəni mübadilə üzrə inkişaf etməlidir.
Nazir Əbülfəs Qarayev Bruklində və Bakıda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, keçən ilin sonundan başlayaraq "Azərbaycan Hava Yolları" tərəfindən həyata keçirilən Bakı - Nyu-York birbaşa uçuşları Bruklinlə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində mübadilənin genişlənməsinə şərait yaradacaq.
Nazir Azərbaycanın turizm potensialından da söz açıb və Nyu-Yorkda ölkəmizin təbliğ edilməsinin önəmini vurğulayıb. Əbülfəs Qarayev Erik Adamsı bu ilin mayında Bakıda keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Sonda Erik Adamsa Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edilib.
Əbülfəs Qarayev Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayrla görüşüb. Görüşdə nazir Azərbaycanın etnik müxtəlifliyi və tolerantlıq ənənələri haqqında söhbət açıb, Prezident İlham Əliyevin ölkədə mövcud olan müxtəlif etnik azlıqlara, xüsusilə də yəhudi icmasına göstərdiyi diqqəti qeyd edib. Yəhudi icmasının Azərbaycanda əsrlər boyu sülh şəraitində yaşadığı, Azərbaycan cəmiyyətinin tamhüquqlu parçası olduğu vurğulanıb. Nazir Mark Şnayrı Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün Azərbaycana dəvət edib.
Ravvin Mark Şnayr Etnik Anlaşma Fondu haqqında məlumat verib, təşkilatın 40-dan çox ölkədə fəaliyyət göstərdiyini qeyd edib. Yaxın keçmişdə bir neçə müsəlman ölkəsində səfərdə olduğunu qeyd edən M.Şnayr Azərbaycanın tolerantlıq baxımından nümunəvi ölkə olduğunu vurğulayıb. O, Azərbaycanda yəhudi icmasına göstərilən hörmətə və diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev iştirak ediblər.