"Əmək qabiliyyətini itirənlərə icbari sığorta tərtib olunmalıdır". SİA-nın məlumatına görə, bunu Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavanşir Alxasov Əmək və əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Təhlükəsiz iş" ongünlüyü çərçivəsində keçirilən seminar- müşavirədə çıxışı zamanı deyib. O qeyd edib ki, ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində xeyli işlər görülür. Əmək qabiliyyətini itirənlərə icbari siğorta tərtib olunmalıdır: "Son illər respublikada əmək və əhalinin sosial müdafiəsinin milli, siyasi rolu xeyli artıb. Bizim təşəbbüsümüz ona görədir ki, əmək qabiliyyətini itirənlərə icbari sığorta tərtib olunsun. Əmək müqaviləsinin tərtib olunmasına müsbət formada baxış getdikcə artır. Buna görə də iclasların, konfransların keçirilməsinə xüsusi yer verilir".
Cavanşir Alxasov həmçinin qeyd edib ki, Həmkarlar İttifaqı işçilərin əmək mühafizəsi məsələsinə ciddi yanaşır və əmək qabiliyyətini itirmənin qarşısını almağa çalışır: "Azərbaycan Həmkarlar İttifaqı islahatlar aparır ki, əmək sahələrində ölüm hadisələri, xəsarət almalar, əmək qabiliyyətini itirmələr olmasın. Təşəbbüsümüz bu cür problemləri aradan qaldırmaqdır. Ümüd edirəm ki, belə yanaşma əməkdaşlarımızın dəstəyini qazanacaq".