Turizm imkanlarımız növbəti dəfə tanıdılıb

29 Yanvar 2015 11:24 (UTC+04:00)

Azərbaycanın turizm imkanları barədə "see.place" saytında məqalə dərc edilib. SİA-nın verdiyi məlumata görə, məqalədə Azərbaycana səfər etməyin 10 mühüm səbəbi aşağıdakı qaydada qeyd olunub:

Dünyanın 11 iqlim qurşağından 9-na ölkə hüdudlarında rast gəlinir.

Planetimizdə ən böyük duzlu göl - Xəzər Dənizi dünyada ən böyük göl adlandırılır.

YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmiş 2 məşhur abidə: Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və İçəri şəhər Tarixi-Memarlıq Qoruğu qeyd olunub.

Nadir müalicəvi neft kurortu - Naftalan nadir bioloji xassələrinə görə planetimizdə analoqu olmayan müalicəvi Naftalan nefti sayəsində bütün dünyada şöhrət qazanıb. Bu gün Naftalan kurortu müalicəvi naftalan vannaları sayəsində 70-dən artıq xəstəliyin müalicəsini təmin edir.

Yer üzündə mövcud olan 800 palçıq vulkanından 350-si Azərbaycan ərazisində yerləşir.

Azərbaycan mətbəxi Şərqdə ən maraqlı mətbəxlərdən biridir. Bu mətbəx ətirli göyərti və ədviyyatlarla tamamlanan çoxlu sayda mümkün ət, balıq və göyərti xörəkləri ilə zəngindir.

İpək Yolu üzərində yerləşən Şəki şəhəri Qafqazın ən qədim yaşayış məskənlərindən biri hesab olunur: onun ərazisindəki arxeoloji tapıntıların əksəriyyətinin yaşı 2500 ildən çoxdur.

Qədim zamanlardan bəri Azərbaycan Odlar Diyarı kimi tanıyıb. Bu da təsadüfi deyil, çünki Abşeron yarımadası neft və qazla zəngindir. Yanan qazların yerin səthinə çıxması ilahi möcüzə hesab olunur və buraya dünyanın hər yerindən adamları cəlb edirdi: qədim zamanlardan atəşpərəstlər Bakıya toplaşmış və müqəddəs odlar üzərində öz məbədlərini inşa etmişlər. Belə məbədlərdən biri Zərdüştlərin od məbədi olan Atəşgahdır.

Bakı Dənizkənarı Parkı, Bulvar - ölkəni ziyarət etmək məqsədindən asılı olmayaraq Azərbaycana gələnlər üçün ən cəlbedici bir yerdir,

Tarixi görməli yerləri ilə yanaşı, müasir Bakının yeni rəmzləri də yaranmışdır. Bunlar "Flame Towers", Heydər Əliyev Mərkəzi və Kristal Zal-dir.

Qeyd edək ki, məqalə qısa zamanda 1 410 000 nəfər tərəfindən izlənilib.