"Valideynlərin övladlarına qarşı diqqətli olacağı bir məsələ də onlara verdiyi adlardır. Adlar həm də insanın gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında böyük rola malikdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva söyləyib. Bildirib ki, bəzən övladlara qoyulan mənasız adlar bizim mentalitetimizdən tamamilə uzaqdır: "Valideynlər müasir hesab etdikləri adları uşaqlarına qoyurlar. Lakin həmin adlar onların dövrləri üçün müasir sayılsa da, hazırda həmin adlar heç də xoş qarşılanmır. Hər zaman övladlara ad qoyma ilə bağlı problemlərimiz olub. Bəzən uşaqlara həm gülməli, həm də heç bir məna daşımayan adlar qoyulur ki, bu həmin insanın gələcəkdə problemlə qarşılaşmağına səbəb olur. İstər psixoloji baxımdan, istərsə də onun bir şəxsiyyət kimi formalaşmasına mane olur. Sovet dövründə uşaqlara qəribə adlar qoyulurdu ki, nəticədə həmin uşaqlar böyüyəndə adlarını dəyişdirmək məcburiyyətində qalırdılar. Düşünürəm ki, ad qoyma məsələsinə məsuliyyətlə yanaşmaq lazımdır. Bizdə ikili adların qoyulmasına məsləhət görülmür. Hər bir şeyi qanunla tənzimləmək düzgün deyil. Ona görə də hər bir valideyn bu işə məsuliyyətlə yanaşmalıdır. Bir sözlə valideyn ad qoymağa diqqətlə yanaşsa heç bir qanunun qəbuluna ehtiyac olmayacaq".
Psixoloq Dəyanət Rzayev: "İnsanlara verilən şəxsi adların da onlar üzərində müəyyən təsiri var. İnsan ömrü boyu daşıyacağı, özünə aid səhv seçilən ismin psixoloji qurbanı ola bilər. Buna görə də valideynlər övladlarına ad seçərkən diqqətli olmalıdırlar. Düşünürəm ki, adların insan xarakterinə təsir edir. Bəzən qədimi adların qoyulmasına düzgün baxmırıq. Lakin diqqət etsək görərik ki, "Safura" adı yenidən dəbə gəlib. Bəzən valideynlər övladlarına "Kombayn", "Traktor", "Təyyarə", "Kolxoz" hətta "Xiyar" adlarını da qoyurlar. Hesab edirəm ki, valideyn uşağa qoyduğu adla da öz mədəniyyətini bir növ nümayiş etdirir".
Qeyd edək ki, yeni doğulan uşağa gözəl ad qoymaq valideynlərin üzərinə düşən ən mühüm vəzifələrdəndir. Uşağa qoyulan ad həm bu dünyada, həm də axirətdə keçərlidir. Rəsulallah (s.ə.s) uşaqlarla yanaşı böyüklərin də adları ilə maraqlanmış, xoşuna gəlməyən bəzi isimləri dəyişdirib. Bununla yanaşı uşaqlara qoyulacaq gözəl adlarla əlaqəli də məlumatlar verib. Buna görə də doğulan uşağa yaxşı adın qoyulması sünnədir. Çünki hədisi-şərifdə "Siz qiyamət günündə adlarınızla və atalarınızın adları ilə çağırılacaqsınız. Buna görə də gözəl adlar qoyun!" buyurub.