“iPhone”ların qiyməti kəskin düşür

28 Yanvar 2015 16:05 (UTC+04:00)

Azərbaycanın telefon mağazalarında "iPhone"larin qiyməti kəskin enib. SİA-nın məlumatına görə, ucuzlaşma "iPhone"larin bütün modellərində, xüsusilə də şirkətin sonuncu "iPhone 6" və "iPhone 6 plus"da müşahidə olunub. Belə ki, indiyədək 799 manata təklif edilən "iPhone 6" modelinin (16 GB) qiyməti birdən-birə 200 manat ucuzlaşaraq 599 AZN-ə enib. "iPhone 6 plus" modelinin qiyməti isə 899 AZN-dən 769 AZN-ə, yəni 130 manat endirilib. Başqa sözlə, ən böyük endirim "iPhone 6" modelində (200 manat), ən kiçik endirim isə "iPhone 4S"də baş verib. 8 GB-lıq bu modelin qiyməti 399 manatdan 359 manata endirilib.

Qiymətlərin enməsi yaxşı xəbər olsa da, "iPhone" telefonlarının belə kəskin ucuzlaşması təəccüb doğurur. Məsələ bundadır ki, analoji modellərdən öz bahalığı ilə fərqlənən "iPhone" smartfonlarının qiyməti adətən belə kəskin ucuzlaşmır. Bir qayda olaraq "iPhone"ların qiyməti buraxıldıqdan uzun müddət sonra, özü də tədricən endirilirdi. Özü də bu proses adətən yeni modellərin buraxılması ərəfəsində baş verirdi. İndi isə hətta baha qiymətinə baxmayaraq ölkədə sürətlə populyarlaşan "iPhone 6"ların qiymətlərin kəskin enməsi maraq doğurur.