ADİU ilə QKDK arasında memorandum imzalanıb

28 Yanvar 2015 15:04 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb. SİA-nın məlumatına görə, tərəflər arasında bağlanmış müqavilənin prioritet məqsədi ali təhsil müəssisəsində qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilmə işinin təşkili və tədrisinə dəstək verilməsi, o cümlədən yüksək ixtisaslı kadrların hazırlanmasında əməkdaşlıq etməkdir. Anlaşma çərçivəsində müştərək layihələrin planlaşdırılması və icrası, kapital bazarları üzrə birgə elmi tədqiqatların aparılması, qarşılıqlı kadr mübadiləsi, istehsalat təcrübəsi, elmi-praktik konfrans və seminarların təşkili də mümkün olacaq.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov bildirib ki, maliyyə sisteminin mühüm sahəsi olan qiymətli kağızlar bazarı hökümətin hər zaman diqqət mərkəzində olubvə bu sahədə mütərəqqi tədbirlər həyata keçirilib. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı qəbul edilmişdir. O, Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyəti, ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq yüksək qiymətləndirib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı çıxışı zamanı bildirib ki, təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi tələbələrin maliyyə biliklərinin artırılmasına, zəngin iqtisadi savada malik kadr kimi formalaşmasına töhfə verəcək.

Komitənin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi tələbələrin əmək bazarında rəqabət qabiliyyətli kadr kimi yetişməsində müxtəlif növ təlim proqramları təşkil edəcək. Sədr təklif edib ki, ictimaiyyətdə qiymətli kağızlar bazarı üzrə biliklərinin təbliğatının artırılması üçün tələbələr "Kapital bazarının səfirləri" kimi fəaliyyət göstərsinlər. Razılaşma çərçivəsində tələbələrin praktik biliklərə sahib olması üçün ali təhsil müəssisəsində birja laboratoriyası da yaradılacaq.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müəyyən tövsiyələr verilib.