Mərkəz sədri: “20 ildən çoxdur davam edən işğal...”

26 Yanvar 2015 14:06 (UTC+04:00)

"Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün Azərbaycan dövlətinin bütün mümkün yollardan istifadə etməsi və danışıqlar aparması məqbuldur. Bu Rusiya ilə də ola bilər, digər dövlətlərlə də". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.

H. Cabbarlı deyib ki, Rusiyanın Ukrayna problemində çətin vəziyyətə düşdüyü və iqtisadi böhran yaşadığı ərəfədə bu ölkənin xarici siyasəti haqqında müxtəlif informasiyalar verilir: "Rusiya Dağlıq Qarabağın Azərbaycana qaytarılması müqabilində Azərbaycanı Avrasiya İqtisadi Birliyində görmək istəyir" xəbərini də bu konteksdən yanaşmaq lazımdır. Hələlik bu informasiya Rusiya rəsmiləri tərəfindən dilə gətirilməyib. Gətirilsə belə bunun detallarının necə olacağı haqqında etibarlı mənbələrdən məlumat yoxdur. Qondarma DQR hansı hüquqi statusda Azərbaycana qaytarılacaq? Ortaq dövlət, yoxsa muxtariyyət statusunda və yaxud ümumən Qarabağ erməniləri normal Azərbaycan vətəndaşı statusunda? 20 ildən çoxdur davam edən işğal Azərbaycanın və bölgənin təhlükəsizliyini təhdid edir. Bölgənin iqtisadi və siyasi bütünləşməsi qarşısında ciddi maneədir. Yaşadığı iqtisadi və siyasi problemlərə görə bunu Ermənistan daha çox hiss edir. Hesab edirəm ki, Ermənistanın işğalını Azərbaycanın ərazi bütünlüyü çərçivəsində həll etməyə qadir olan, sahib olduqları imkanlarından istifadə edəcək dövlət və yaxud dövlətlərə qarşı Azərbaycan eyni məsafədə dayanır. Əsas məsələ Bunun hüquqi mexanizminin Azərbaycanı qane etməsi və tələblərinə cavab verməsidir".

"Problem o şəkildə həll olunmalıdır ki, Qarabağ erməniləri 20-30 ildən sonra hər hansı bir dövlətin siyasi dəstəyi ilə separatçılıq tələblərini yenidən gündəmə gətirməsin. Yəni problem kökündən həll edilməlidir. Bunun qarşılığında Azərbaycanın hansı dövlət və yaxud dövlətlərlə ittifaqa girməsindən təbii heç nə yoxdur. Milli maraqlarımızın qorunması şərti ilə bu niyə də mümkün olmasın".