Ombudsmanın nümayəndələri Lamiyə Quliyeva ilə görüşüblər

26 Yanvar 2015 13:46 (UTC+04:00)

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində olublar. Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, MPQ tərəfindən bu müəssisədə cəza çəkən Lamiyə Quliyeva və digər qadın məhkumlar təklikdə konfidensial qaydada qəbul edilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Həmin qadın məhkumlar müəssisədə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər. L.Quliyeva ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu öz istəyi ilə baş verib.

Eyni zamanda o, özünün və körpəsinin sağlamlığı ilə bağlı narahatlığının olmadığını söyləyib. Məlumata görə, L.Quliyeva uşağı ilə birgə müəssisənin standartlara uyğun ana və uşaq otağında saxlanılır, saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur.

Qeyd olunub ki, hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır.