Qütbləşən dünyanın işğal metodları

21 Yanvar 2015 16:04 (UTC+04:00)

SSRİ-i yaranandan sonra, 10 il müddətində onun rəqibi yox idi. Həm siyasi rəqibi, həm iqtisadi rəqibi, bəlkə, çoxlarına qəribə görünsə də mədəni rəqibi də yox idi. Çünki, 15 dövlətin birləşdiyi bu imperiyada müxtəlif xalqlara məxsus olan mədəniyyətlər, SSRİ mədəniyyətinin yalnız zənginləşməsinə xidmət edirdi.

1929-1933-cü illər dünya iqtisadi böhranı dünya ölkələri üçün rəqabət tendensiyasını ortaya qoydu. SSRİ iqtisadi məhrumiyyətlər və rəqabətlə üzləşməyə başladı. Bir neçə ildən sonra iqtisadi rəqabətdən istifadə edib, hərbi gücünü möhkəmləndirən Almaniya SSRİ-yə təkcə iqtisadi sahədə deyil, hərbi sahəsində də rəqib oldu. Bu rəqabət və Almaniyanın iqtisadi acgözlüyü ikinci dünya müharibəsinə vəsilə olan əsas səbəblərdən oldu. Dünya müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı. SSRİ müharibədən qələbə ilə çıxsa da artıq onu siyasi, iqtisadi, hərbi gücdə üstələyən dövlətlər var idi. Lakin, bununla belə SSRİ öz iqtisadiyyatını bərpa etmək yolu ilə siyasi və iqtisadi çəkisini artırdı. Ancaq, müharibədən əvvəlki dövrdə olduğu kimi tək fövqəl güc ola bilmədi. Artıq, onun ABŞ kimi güclü rəqibi var idi. İkinci dünya müharibəsində yumşaq siyasət həyata keçirən ABŞ müharibə illərində qazanmışdı. ABŞ- la SSRİ-nin qeyri-sağlam rəqabəti 45 il davam etdi. Və nəhayət SSRİ-nin labüd olan məntiqi sonluğu gəldi. Rusiya SSRİ-nin varisi olaraq, rəqabət siyasətinə sadiq qalıb, ABŞ- la rəqabətini bu gün də davam etdirir. Lakin, bu rəqabət daha çox rəqabət planına daxil olan digər dövlətlərə ziyan vurur. Kiçik dövlətlərin hər birini öz yaratdıqları siyasi nüfuz dairəsinə salmaq istəyən tərəflər heç bir məsələdə bir-birinə güzəştə getmirlər.

Hazırkı qütb siyasətinin daşıyıcısı olan üç tərəfin –Avropa, ABŞ, Rusiyanın son zamanlar davranışları ümidli gələcək vəd etmir. Dünyanın dörd yanında alovlanmaqda olan münaqişə ocaqlarının heç biri bölgələrdəki əhali tərəfindən yaradılmayıb. Hər tərəfdə nüfuz dairəsi uğrunda gedən savaşların acısını heç bir günahı olmayan sadə insanlar çəkir. Oynanılan bu tərz oyunlar artıq bizim "siyasət" adlandırdığımız anlayışın sərhədlərini keçib. Bu hadisələr artıq müharibədir. Sadəcə olaraq, bu müharibə ənənəvi formalardan fərqli şəkildə təzahür edir. Nədir fərq? Fərq ondadır ki, 1) Hər hansı bir dövlətin vətəndaşı özgə təbliğatı nəticəsində öz dövlətinə qarşı vuruşur, aldadıldığının fərqinə varmır, ya da vara bilmir. 2)Ənənəvi müharibə qanunlarından fərqli olaraq, yeni nəsil müharibələrdə canlı qüvvə müharibəni törədən tərəfə məxsus olmur. Sadəcə ərazisində müharibə gedən dövlətin öz vətəndaşları bir-biri ilə vuruşurlar. Bu proses elə –belə baş vermir. Bunun üçün bölgədə müxtəlif marağı olan xarici qüvvələr tərəfindən uzun müddət ərzində ərazisində müharibə törətmək istədikləri dövlətin əhalisinin dövlət daxilində nədən narazı olduğu öyrənilir və əhalinin narazılıqlarından qaynaqlanan məhrumiyyətlər qabardılmış formada həmin əhaliyə dolayı yolla çatdırılır. Bu minvalla anti-təbliğat nəticəsində dövlət daxilində bir qrup narazı qüvvənin yarandığını görən xarici tərəf, həmin qüvvəyə silah və maddi yardım edərək, öz dövlətinə qarşı üsyana səsləyir. Beyni doldurulmuş dövlət daxilindəki narazı qüvvələr, öz dövlətinə müharibə elan edirlər və dövlət öz vətəndaşını sakitləşdirmək üçün müəyyən cəza tədbirləri görür. Bu cəza tədbirləri kifayət edir ki, çirkin qüvvələrin sifariş siyasətinə əsaslanan KİV-ləri hadisələrdən görüntülər hazırlayıb, dünyaya yaysınlar. Bu hadisələri görən və törədən xarici qüvvələr "insan hüquqlarının bərpası" devizi altında həmin dövlətin ərazisinə girərək, onu işğal edib, iqtisadi müstəqilliyini özgə sərvəti hesabına möhkəmləndirirlər və həmin dövlətin ərazisində öz istəyinə uyğun idarəçilik quraraq, onu idarə edirlər.

Ümumi nəticə etibarı ilə milli dövlətlərin ərazisində qurulan özgə idarəçilik sistemləri, həmin dövlətlərin vətəndaşlarına hər sahədə məhrumiyyətlər yaşadır. Vətəndaşların rastlaşdığı məhrumiyyətlər onların öz dövlətinə olan nifrətini daha da artırır. Beləliklə, öz dövlətinə potensial dərəcədə nifrət edən və onun üçün təhlükəli olan canlı qüvvə meydana gəlir. Bu qüvvə onu öz dövlətinə düşmən edən xarici qüvvələr blokunun ən aktiv "silahdaşına" çevrilərək, onlara hər sahədə yardım edir. Beləliklə, bu üsulla milli dövlətləri işğal edib, öz məqsədlərinə nail olurlar.