Elşən Musayev: “Həmin senatorları həmişə erməni lobbisi maliyyələşdirib” AÇIQLAMA

20 Yanvar 2015 15:33 (UTC+04:00)

"Azərbaycanın bütün problemləri SSRİ-nin süqutu dövrünə düşdüyündən bu dövlətin təməlləri də möhkəm deyildi. Yəni Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələnə qədər hakimiyyətdə olan insanlar öz ambisiyalarına, şəxsi maraqlarına o qədər qapıldılar ki, dövləti belə qoruya bilmədilər. Təbii ki, bu həm də onların keyfiyyətsizliklərindən irəli gələn məsələ idi". Bunu SİA-ya politoloq Elşən Musayev 1990-cı il 18 mart tarixində ABŞ Konqresinin bir qrup senatorunun Bakıdakı erməni əhalisinin vəziyyətindən narahat olaraq SSRİ prezidenti Mixail Qorbaçova ünvanladıqları müraciətə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, 1990-ci il 20 yanvar olayları da elə həmin qəbildən olan hadisələr idi: "Ölkədə düz 1993-cü ilə qədər davam edən bir xaos, hərcmərclik var idi. Məhz bu səbəbdən biz Qarabağ torpaqlarını itirdik, 20 Yanvar hadisələrini ciddi insan itkisi ilə qarşıladıq. O zaman Azərbaycan xalqı təkcə Ulu Öndər Heydər Əliyevin fədakarlığını gördü. Belə ki, o, ölkə sərhədlərindən kənarda olmasına, Azərbaycana gəlişinə maneələrin törədilməsinə baxmayaraq bu qətliamı pislədi.

Xarici faktorlara gəlincə deyə bilərəm ki, bu məsələlərdə daha çox Rusiyanın adı hallanıb: "Təbii ki, burada həmin dövr SSRİ prezidenti Mixail Qorbaçov faktoru çox önəmli rollardan birini oynayırdı. Eyni zamanda biz Qorbaçova təsir faktorlarını da ön plana çıxarmalıyıq. Belə ki, tarixin bütün dövrlərində ABŞ və onun senatorları Azərbaycana və bütün dünyaya qarşı birmənalı münasibət bildirməyiblər. Ümumiyyətlə, Amerikanın ideoloji xəttində həmişə bir spekulyasiya olub. Qərb demokratiyası uzun illər öz marağından, ambisiyasından, katalizator rolundan savayı ortalığa heç nə qoymayıb və bəşəriyyətə töhfə verməyib. Bu gün Azərbaycan mətbuatında mövzu bir növ 20 yanvar hadisələrinə həsr olunduğundan önəmli faktları üzə çıxarır. Hansı ki, 1990-ci martın 18-də ABŞ konqresinin bir qrup senatorunun Mixail Qorbaçova ünvanladığı müraciət ortaya çıxıb. Onlar 6 gün ərzində Bakıda guya erməni əhalisinin öldürülməsi, zorakılığa məruz qalması, əmlakının oğurlanması və s. məsələlərlə bağlı öz narazılıqlarını ifadə edirlər. Bəs gəlin görək bu nə deməkdir? Bu o deməkdir ki, bu gün biz Dağlıq Qarabağ münaqişəsi fonunda seyr etdiyimiz o erməni lobbisinin zərbələri var. Bu zərbənin kökləri 1990-cı ilə qədər gedib çıxıb. Həmin senatorlar ömrü boyu erməni lobbisinin verdiyi 3-5 manatı ciblərinə qoyub işləyiblər. Mən hər zaman söyləmişəm ki, burada Qorbaçov faktoru hər nə qədər qabardılsa da ABŞ-ın bu məsələlərə müdaxilə etmək imkanı olub. Onların bir növ, əsli ermənipərəstdir. Həmin senatorlar həmişə erməni lobbisinin maliyyələşdirdiyi insanlar olublar. Ümumiyyətlə bu gün ABŞ Konqresində erməni lobbisinin maliyyələşdirdiyi yetərincə senatorlar var".