Təhlükəli robotlarla mübarizəyə 10 milyon dollar ayrılıb

20 Yanvar 2015 10:27 (UTC+04:00)

Məşhur ABŞ sahibkarı, "SpaceX" kosmik korporasiyasının və "Tesla Motors" elektromobil istehsalı şirkətinin təsisçisi Elon Mask Gələcək Həyat İnstitutuna 10 milyon dollar məbləğində yardım edib. SİA-nın məlumatına görə, vəsaitlərin robot və süni intellekti bəşəriyyət üçün təhlükəsiz etməyə imkan verəcək tədqiqatlara sərf olunması nəzərdə tutulur.

Qeyd olunur ki, süni intellekti bəşəriyyətin xeyrinə işləməyə məcbur edəcək ideyaya malik texnoloji sənaye sahəsinin istənilən alim və ya mütəxəssislər qrupu E.Maska qrant almaq üçün müraciət edə bilər. Var-dövlətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilən məşhur iş adamı bildirib ki, robotların təhlükəsizliyinin təmininə daha çox vəsaitin xərclənməsi tələb olunur.

Məlumat üçün bildirək ki, alimlər tərəfindən bəşəriyyətin qarşılaşdığı qlobal riskləri azaltmaq məqsədilə yaradılan Gələcək Həyat İnstitutu qeyri-kommersiya təşkilatıdır.