Nizami rayonu, 12 saylı orta məktəbdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində təşkil olunmuş rəsm sərgisilə tanış olublar. Akt zalında davam etdirilən tədbirdə Azərbaycanın istiqlaliyyəti uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov 20 Yanvar faciəsindən, sovet ordusunun günahsız insanları gülləbaran etməsindən, qəhrəman oğul və qızlarımızın Vətənin azadlığını öz canlarından əziz tutmasından danışıb, şəhidlərin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.
"1990-cı il yanvarın 20-si xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu, 70 il Sovet İmperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda ayağa qalxdığı bir tarixdir" – deyən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva da xalqımızın çətin və şərəfli müstəqillik mücadiləsindən söz açıb.
Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələrindən danışıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Bildirilib ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb, Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də 20 Yanvar şəhidlərinin xatirəsi daima uca tutulub, bu istiqamətdə ardıcıl şəkildə dövlət səviyyəsində tədbirlər həyata keçirilib.
Sonda məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
İntizarə Məmmədova