"Birisin" ŞEİR

19 Yanvar 2015 13:23 (UTC+04:00)

Biri nanu-nəmək tapmaz,

Gəzər qaymaq, bal birisin.

Gah növrəsti növrəst tapar,

Gah da tapar çal birisin.

Tuş olanda əqli kəmə,

Bil, düşərsən dərdi-qəmə;

Özünü zinhar eləmə,

Boşa onu, al birisin.

Bir yaxşını yaman tapdı,

Bir nadanı qanan tapdı,

Bir qananı cavan tapdı, -

Tapdı əhli-hal birisin.

Biri yedi, giryan gəzdi,

Biri tapmaz, hər yan gəzdi,

Biri daim üryan gəzdi,

Qucar tirmə-şal birisin.

Birini mürvət ucaltdı,

Birini qeyrət ucaltdı,

Birini sənət ucaltdı,

Xoşhal etdi mal birisin.

Şadnak gördüm, sonu vaydı,

Ömür gördüm, qışı yaydı,

Gözəl gördüm, hüsnü zaydı,

Gördüm mah-camal birisin.

Aşıq Alı belə yazdı:

Şan-şöhrəti telli sazdı.

Bir rəqib çox, yüz dost azdı,

Demə, gözdən sal birisin.

Aşıq Alı