"Hər bir qurum Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən, 2014-cü ilin maliyyə hesabatını verməlidir". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli müxalifətin 2014-cü ilin yekunları ilə bağlı maliyyə hesabatı verməməsinə münasibət bildirərkən deyib.
Aparat rəhbərinin sözlərinə görə, heç bir müxalifət partiyası ümumiyyətlə isə qeydiyyatdan keçmiş siyasi partiyalar bu maliyyə hesabatından boyun qaçıra bilməz: "Əgər onlar bundan boyun qaçırarlarsa, Azərbaycan qanunvericiliyə əsasən müxtəlif cəzalar nəzərdə tutulub. Sadəcə olaraq bu ilin mart ayının sonunadək siyasi partiyaların maliyyə hesabatını vermək üçün vaxt tanınıb. Siyasi partiyalar bu iki ay müddətində maliyyə hesabatlarını verməlidirlər. Azərbaycan Qanunvericiliyində də göstərilir ki, tək maliyyə hesabatı vermək yetərli deyil. Bu hesabat KİV-də də dərc edilməlidir. Güman edirəm ki, buna əməl edilməlidir, əks təqdirdə kimliyindən asılı olmayaraq qanunvericiliyin tələbləri tətbiq olunmalıdır və həmin qurumlar müvafiq olaraq cəzalandırılmalıdır. Ümumiyyətlə qanunların tələblərinin pozulması ilə bağlı heç kimə güzəştə getmək olmaz. Bu, çox mənfi tendensiyalar yaradır".