Təhsil Problemləri İnstitutunda təqdimat FOTO

14 Yanvar 2015 18:04 (UTC+04:00)

Təhsil Problemləri İnstitutunda 14 yanvar 2014-cü il tarixində Oracle Akademiyası nümayəndəsinin Oracle və Java proqramlaşdırmaya dair təqdimatı keçirilib. Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, qurumun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov tədbirə gələn görüş iştirakçılarını salamlayıb. İnstitutun direktoru respublikamızda XXI əsrin başlanğıcından Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin pedaqoji innovasiyalardan istifadə olunmaqla yerinə yetirilməsinin prioritet problem hesab olduğunu vurğulayıb. O bildirib ki, həmin problemlərin həll olunması üçün yeni pedaqoji araşdırmalara, ən mühüm olanı isə müasir informasiya kommunikasiya texnologiyalarının köməyindən istifadə etməyə ehtiyac var. O qeyd edib ki, məktəblərdə İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycanın gələcək vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.

Təhsil Problemləri İnstitutunda təqdimatla çıxış edən Oracle Akademiyasının Proqramlarla işin İnkişafı üzrə nümayəndəsi Sinem Kaya İnstitututun direktoru Qulu Novruzova rəhbərlik etdiyi institutda təşkil olunmuş görüşə görə təşəkkürünü bildirdi. Sinem Kaya görüş iştirakçılarına Oracle Akademiya barədə ümumi məlumat verib. Çıxışında Türkiyədə mövcud olan Oracle Akademiya saytındakı kurslardan keçən müəllimlər və İT mütəxəssilərin fəaliyyətində olan dönüşlərindən danışıb. Bildirib ki, hazırda xarici ölkələrlə yanaşı Azərbaycandan da artıq bu saytdakı kurslardan keçib və beynəlxalq dərəcəli sertifikat əldə etmiş nümayəndələri var. Sinem Kaya bildirib ki, Oracle verilənlər bazası bir əlaqəli verilənlər bazası idarəetmə sistemidir. O bununla yanaşı Java və Oracle proqramlaşdırmanın üstünlüklərindən də söhbət açdı. Verilənlər bazasında məlumatları sorğulamaq, nizamlamaq, dəyişmək, silmək, idarə etmək və ya lazım olduqda hansısa bir veriləni (məlumatı) əldə etmək üçün istifadə olunan bir dil - SQL (Strukturlaşdırılmış Sorğu Dili) barəsində də danışıb. Oracle akademiyasının tədris yönümlü tərəflərini açıqlayan Sinem Kaya məktəblilər üçün Alise və Greenfoot proqramı barəsində də məlumat verib. Java ilə obyekt yönlü proqramlaşdırmanın əsaslarının əhəmiyyətindən bəhs edərkən müasir tələblərə cavab verə biləcək müəllimlərin hazırlığına da xüsusi diqqət yetirdiklərini və ayrıca müəllimlərə həmin proqrama dair kursların keçirildiyini bildirdi. Bu kurslara Azərbaycanın ali təhsil müəssisələrində çalışanların da qatıldığını vurğulayıb.

Təqdimatın sonunda maraqlı diskussiyalar və müzakirələr olub. İştirakçılardan bəziləri orta məktəblərdə İnformatika fənninin tədrisində keçirilən proqramlaşdırma dili mövzusunda Oracle və Java proqramlaşdırma dilinin də əlavə edilməsi məsələsinə baxılması təklifini bildirdilər. İştirakçılar mövzu ilə bağlı rəy və təkliflərini veriblər.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, Təhsil Problemləri İnstitutunun direktor müavinləri, şöbə müdirləri, institutun əməkdaşları, orta məktəb direktorları, informatika müəllimləri, İT mütəxəssisləri iştirak ediblər.

Tədbirin sonunda İnformatika fənn kurikulumu üzrə işçi qrupunun üzvləri mövcud informatika fənn kurikulumuna bir daha nəzər yetirmələrini və gələcəkdə məzmuna dair ediləcək əlavə və dəyişikliklərlə bağlı müzakirələri davam ediblər.