"Keçən il Azərbaycan üçün uğurlu il olub. Həmçinin Rabitə və Yüksək Texnologiyaları Nazirliyi üçün də uğurlu keçib". Bu sözləri bu gün rabitə yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Açıq Hökümət Məlumatları" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. O ifadə edib ki, Azərbaycan üçün 2014-cü il rabitə və texnologiyalar sahəsində bir neçə uğurla yadda qalıb: "İlin əvvəlindən Nazirliyin adında dəyişiklik olundu. Yüksək Texnologiyalar adı əlavə olunaraq, Rabitə və Texnologiya sahəsində inkişaf üçün təkan verildi. 2014-cü ildə Milli Nüvə Texnologiyaları Tətbiqi Mərkəzini yaratmışıq. Ölkəmizdə ilk dəfə olaraq bu sahədə tədqiqatlara başlamışıq.
2014- 2020 İnformasiya Cəmiyyətinin İnkişafı üzrə strategiyanı qəbul etmişik. Bu, informasiya cəmiyyətinin inkişafı və quruculuğu sahəsində böyük önəm daşıyır. Formalaşmış informasiya cəmiyyətinin yenilənməsi bu strategiyada nəzərdə tutulub.
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqına üzv seçilib. İttifaqda təmsil olunan 198 ölkə arasında üzvlük daşıyan 48 ölkədən biriyik.
2- ci peykin buraxılması informasiya təhlükəsizliyi sahəsində ölkəmizin atdığı ən böyük addımlardan biridir. 2-ci peyk Azərbaycan üçün çox böyük imkanlar açacaq.
RYTN elektron hökumətin yaradılması istiqamətində uğurlu işlər görüb. Belə ki, ciddi addımlar sayəsində hazırda 357 elektron xidməti yaratmışıq. Bu xidmətlərdən 6,5 milyon insan yararlanıb. Artıq elektron imza sahəsində də işlər görülür. Bu xidmətlərdən ölkəmizdə digər Nazirliklər də istifadə edir.
Azərbaycan mobil imzadan istifadə etməklə dünyada bu xidmətdən istifadəyə görə qabaqcıl ölkələr sırasına doğru irəliləməyə başlayıb. Dünyada 198 ölkənin istifadə etdiyi bu xidmətdə 2013-cü ilin göstəricilərinə görə 68-ci yerdəyik. Keçən ilin statistikasında artıq irəliləyişin biraz daha artdığını proqnozlaşdırırıq.
Açıq hökumət təşəbbüsünə qoşulmuşuq. Azərbaycanda açıq məlumat təşəbbüsü bundan irəli gəlir. Bu da özəl sektorun inkişafına təkan verəcək".