"Qəbələ"nin boksçuları 2 yarışda 7 medal qazanıblar

9 Yanvar 2015 12:27 (UTC+04:00)

"Qəbələ" İdman Klubunun boksçuları 2015-ci ilə uğurla start verib. SİA-nın məlumatına görə, 1999-2000-ci il təvəllüdlü idmançılar Bakıda, 2001-2002-ci il təvəllüdlü boksçular isə Rusiyanın Volqoqrad şəhərində qüvvələrini sınayıb. İdmançılar qatıldıqları hər iki turnirdə mükafatçılar sırasında yer alıblar.

1999-2000-ci il təvəllüdlü idmançılar yeniyetmə boksçular arasında Bakı birinciliyində çıxış edib. Hövsan Olimpiya Kompleksində baş tutan yarışda "Qəbələ"nin 3 təmsilçisi fəxri kürsüyə yüksəlib. 60 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl Yaqubov paytaxtda çempion adına sahib çıxıb. Digər iki idmançı isə finalda məğlub olaraq, 2-ci yerlə kifayətlənib. Səbuhi Abbasov 48 kq, Ramiz Nadirov isə +81 kq çəki dərəcəsində gümüş mükafatçı olub.

2001-2002-ci il təvəllüdlülər isə SSRİ-nin idman ustası Roman Subotinin xatirəsinə həsr olunan Yeniyetmələrin Açıq Turnirində qüvvələrini sınayıblar. "Qəbələ" idmançıları qonşu ölkədə 4 mükafat qazanıblar. Murad Zeynalov (36 kq) yarışın qalibi adına yiyələnib. 34 kq çəki dərəcəsində isə "Qəbələ"nin iki idamançısı mükafat qazanıb. Vüqar Hüseynov 2-ci, Eltac Cəfərzadə isə 3-cü olub. Qəbələ şəhər bölməsini təmsil edən Cavidan Sərkarlı (38 kq) da yalnız finalda məğlub olaraq, 2-ci yeri tutub.