"Səni gözləyəcəm"

9 Yanvar 2015 12:01 (UTC+04:00)

Səni gözləyəcəm ömrüm boyunca,

Sevgim başqasına yar olmayacaq.

Səni gözləyəcəm illər boyunca,

Əllərim kimsəyə toxunmayacaq.

Səni gözləyəcəm, sən gəlməsən də,

Zaman dəyişəcək, illər ötəcək.

Sən gözləyəcəm, sən bilməsən də,

Bir tək nakam sevgim dəyişməyəcək.

Bəlkə təsadüfən rast gələcəyik,

Ya bir yad ölkədə, ya yad şəhərdə.

Bəlkə o vaxt məni heç tanımazsan,

Mənsə boğularam öz qəhərimdən.

Nə deyim taleyə, bu yazıya mən,

Dəyişmək istədim, mümkün olmadı.

Sən yadın, özgənin, hamının oldun,

Əsil sahibinin bir gün olmadın!

Bizimki əvvəldən belə yazıldı,

Hələ ilk görüşdən anlamışdım mən.

Gözlərin ömrümə qənim olacaq,

Sevgim həsrət dolu çilə olacaq.

Unutmaq istədim, mümkün olmadı,

Ağladım, sızladım, çarəsi yoxmuş.

Mən nə sənin oldum, nə sənsiz oldum,

Ömrün bundan betər yarası yoxmuş.

Bir tək səni sevdim, səni, əzizim,

Bir tək səni sevdim, amma bilmədin..

Qənirə Paşayeva