Avropada davam edən inflyasiya və Yunanıstanın seçkilərdən sonra atacağı addımlar Avropa İttifaqının gələcəyi ilə bağlı şübhələri artırır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İngiltərənin artıq İttifaqdan çıxmasını gündəmə gətirməsi, Yunanıstanın erkən seçkiyə getmə qərarı birjalara təsir edib. Beynəlxalq istiqrazlar sürətlə aşağı düşməyə başlayıb. Avro isə dollar qarşısında son 9 ilin ən aşağı səviyyəsinə düşüb.
Bütün bunların yaşandığı Avropa İttifaqında Yunanıstanın baş naziri Antonis Samaras maraqlı açıqlama ilə çıxış edib. Belə ki o, ümumi seçkilərdən öncə ana müxalifət partiyası olan Radikal Sol İttifaqın (Syriza) qələbə qazanacağı təqdirdə ölkənin iflasa aparacağını deyib. Lakin aparılan ictimai sorğu Partiyanın seçkilərdə qalib ola biləcəyini deyir. Bu da İttifaqı indidən narahat etməyə başlayıb.
Qeyd edək ki, Avropa İttifaqının səbirsizliklə gözlədiyi Yunanıstandakı seçkilər yanvarın 25-də baş tutacaq.