MSK sədri: "Seçkilərə kölgə salmaq niyyəti hiss olunur"

7 Yanvar 2015 17:06 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bələdiyyə seçkiləri ilə bağlı 71 saylı Masallı Kənd Seçki Dairəsində hansısa maraqlı qüvvənin, bir əlin seçkilərə kölgə salmaq niyyəti hiss olunduğunu açıqlayıb. M. Pənahov deyib ki, dünyanın heç bir yerində hər şey ideal deyil.

MSK sədri bildirib ki, o, seçkilərdə heç bir qanun pozuntusu olmadığının iddia edilməsini həmişə düzgün saymayıb: "Ola bilməz ki, məntəqədə 10 saat səsvermə getsin, hansısa xoşagəlməz hal olmasın. Səsvermə zamanı hansısa pozuntuların baş verməsindən kimsə sığortalanmayıb, seçkidə milyonlarla insan iştirak edir. Məntəqədə kimsə birini itələyib qabağa keçə, məntəqə sədri də onu buraxa bilər. Ancaq bunların səsvermənin nəticəsinə təsiri yoxdur. Masallıdan gələn şikayətlərdə isə iddia edirlər ki, səslər sayılmadı. Çox maraqlı iddialar var. Hiss olunur ki, şikayət edən insanların özləri bu şikayətlərdə maraqlı deyil. O məsələdə marağı olan o dərəcədə sadəlövh fikirlər bildirməz. Ona görə də belə təəssürat yaranır ki, o insanlardan istifadə olunub. O insanlara sonradan müraciət edəndə məlum olub ki, onların çoxları etdikləri şikayətlərin məzmununu yada sala bilmir. Ona görə də Masallıda nə isə bir əl hiss olunur".

MSK sədri 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının seçkidən öncə namizədlərin qeydiyyatı ilə bağlı fəaliyyətinin yarıtmaz olduğunu da qeyd edib.

Elvin Abdulqədirov