"Yoldayam" ŞEİR

7 Yanvar 2015 11:53 (UTC+04:00)

Ruhum düşdü əlimdən,

Dağıldı künc-bucağa.

İçimdən sökülənlər,

Yığışmır ki, qucağa

Nə sevinc var, nə kədər,

Nə qəribə haldı bu.

Məni görən deyəcək,

Bir gündə qocaldı bu.

Hamıdan gizlənmək üçün

Göyə qalxdım, quş oldum

Yenə gözə göründüm,

Bir ovçuya tuş oldum.

Ruh xəstə, can yaralı,

Məndən söz istəyirlər.

Üstümə korlar gəlir,

Sağlam göz istəyirlər.

Öz dərdini yükləmə,

Səndən betər haldayam.

Səpələnən ruhumu,

Toplamaq üçün yoldayam.

Xanım İsmayılqızı