"Sumqayıt" FK-nın əvəzediciləri 3 və 4-cü dövrə üçün hazırlaşırlar

7 Yanvar 2015 09:59 (UTC+04:00)

Topaz Premyer Liqasında mübarizə aparan klublarda olduğu kimi əvəzedici komandalar da istirahəti başa vurub. SİA-nın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi "Sumqayıt" Futbol Klubunun əvəzedici komandası yanvarın 3-dən etibarən "Kapital Bank Arena"da hazırlığa start verib. Əvəzedici komandada əsas məqsəd kollektivi komplekləşdirməkdir. Bu səbəbdən komandada seleksiya işləri davam etdirilir. Hazırda klubun akademiyasından bir neçə futbolçu məşqlərə dəvət edilib. Komanda yanvarın 10-dan etibarən təlim-məşq toplanışına start verəcək. Bu ərəfədə əvəzedicilər 3-4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq yoxlama oyunları üçün rəqiblər də müəyyənləşib. Komanda "Qarabağ"ın əvəzediciləri, I Divizion təmsilçiləri "Neftçala" və "Şuşa" ilə üz-üzə gələcək.