"Gözəllər" ŞEİR

6 Yanvar 2015 14:34 (UTC+04:00)

Gözəllər, söyləyin bu necə işdi,

Qiyməti şöhrətə ada verdiniz.

Kədəri yaxının üstünə atıb,

Sevinci aparıb yada verdiniz?

Hər saxta gülüşə, hər yalan sözə,

Aldanıb düşdünüz dolaşıq izə.

Sonralar möhnətlə gəlib üz-üzə

Ömrü közə tutub, oda verdiniz.

Buza döndü qələm, bozardı kağız,

Arxamı qış kəsdi, qarşımı payız.

Yüzünüz bir şair yaratmadınız,

Biriniz yüz şair bada verdiniz…

Hüseyn Arif