Vüqar Bayramov: “Ermənistan iqtisadiyyatının daha da çökməsinə səbəb oldu” Açıqlama

5 Yanvar 2015 13:44 (UTC+04:00)

"İlin iqtisadi yekunlarını qiymətləndirən zaman diqqət çəkən əsas məqam bu il neftin dünya bazarındakı qiymətinin azalması idi". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O, Azərbaycanın qonşu ölkələrdə və dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2014-cü ili uğurla başa vurduğunu ifadə edib: "Nəzərə alsaq ki, bu il avqust ayından başlayaraq neftin dünya bazarındakı qiymətində azalmalar müşahidə edilib. Azərbaycan neft ölkəsi olduğu üçün dünya bazarında baş verənlər Azərbaycan üçün əhəmiyyətli olub. Bütün bunlara baxmayaraq neftin dünya bazarındakı qiymətinin azalmalarının qeydə alınması, eyni zamanda qonşu ölkələrdə, Rusiyada və hətta Avropa Birliyi ölkələrində böhranın olmasına baxmayaraq Azərbaycan 2014-cü ili iqtisadi baxımdan uğurla başa vurdu. Azərbaycan neftinin 2014-cü ilin ilk 11 ayında dünya bazarında satış qiyməti 103,8 dollar olub. Neftin dünya bazarındakı qiyməti Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulandan 3,4 faizə qədər artıq olub. Bu da 2014 –cü ilin dövlət büdcəsinin gəlirlərinin formalaşması ilə bağlı hər hansı bir çətinliyin yaranmasına səbəb olmaması ilə yanaşı, eyni zamanda böhrana qarşı prohibitin (əngəlin) əmələ gəlməsinə səbəb oldu".

Ekspert proqnozların özünü doğrultduğunu, ümumidaxili məhsulun artım tempinin qorunub saxlanıldığını və əhalinin gəlirlərində artımın müşahidə olunduğunu vurğulayıb: "Maliyyə Nazirliyinin məlumatına əsasən 2014-cü ilin dövlət büdcəsi son tarifə görə proqnozlaşdırılan gəlirlərdən 2 faiz artıq yerinə yetirilib. 2014-cü ilin indiyə qədər büdcəsi onu göstərir ki, Azərbaycanın gəlirləri xərclərindən daha çoxdur. Bu baxımdan əsas maliyyə planında nəinki çətinlik müşahidə olunur, hətta artım qeydə alındı və proqnozlara əməl etmək mümkün oldu. Bu baxımdan neftin qiymətinin aşağı düşməsi 2014-cü ilin dövlət büdcəsinə hər hansı bir təsir etmədi. Eyni zamanda 2014-cü ildə ümumidaxili məhsulun artım tempini qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda ümumidaxili məhsul 2,5 faiz artdı. Bu isə o deməkdir ki, qonşu ölkələrin iqtisadiyyatında azalmalar və durğunluğun müşahidə edilməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. Qeyri- neft sektorunda artım yenə yüksək olaraq qalmaqdadır. Sektorda 2014-cü ildə 8 faizdən artıq artımın müşahidə olunması gözlənilirdi. Bu isə bütövlükdə son illər, məhz 2010-cu ildən sonra qeyri- neft sektorundakı artım tendensiyasının davam etməsindən xəbər verir. 2014-cü ilin əhalinin gəlirləri təxminən 5 faizə yaxın artdı. İnflyasiya səviyyəsinin 1,5 faiz olduğunu nəzərə alsaq, bu o deməkdir ki əhalinin gəlirləri inflyasiya səviyyəsindən 3 dəfədən artıq yüksəlib. Bu ondan xəbər verir ki, 2014-cü ildə əhalinin gəlirləri real gəlirlər oldu və real artımı müşahidə etdik. 2014-cü il birmənalı şəkildə Azərbaycan iqtisadiyyatı üçün uğurlu il oldu".

Vüqar Bayramov Rusiyanın təsirindən Ermənistan iqtisadiyyatının tamamən çökdüyü bir vaxtda Azərbaycanın milli valyutasının sabit qaldığını, müstəqil iqtisadi siyasət yürüdən Azərbaycan prezidentinin "Sənaye ili" olaraq adlandırdığı 2014-cü ildə qeyri –neft sektorunda ciddi artımın müşahidə olunduğunu qeyd edib: Sözsüz ki, Azərbaycan iqtisadiyyatı üçün qonşu ölkələrdə və qitədə baş verənlər çox əhəmiyyətlidir. Rusiya iqtisadiyyatına da sanksiyalar tətbiq olundu. Hazırda bu ölkədə böhran davam etməkdədir. Eləcə də, Gürcüstanın milli valyutasında azalmalar qeydə alındı. Ermənistanın milli valyutasının azalma tempi 10 faizdən artıqdır, yəni artıq ikirəqəmlidir. Rusiyadakı böhran Ermənistan iqtisadiyyatının daha da çökməsinə səbəb oldu. Bu baxımdan biz Avrozonada proqnozlaşdırılan iqtisadi nailiyyətlərə nail olduq. Qonşu ölkələrdə müşahidə olunan böhran, eləcə də Avrozonada durğunluğun olmağına baxmayaraq, Azərbaycan müstəqil şəkildə strateji olaraq öz iqtisadiyyatını inkişaf etdirərək iqtisadi tempini qoruyub saxlamağa nail ola bildi. Təbii ki 2014-cü ilin ölkə prezidenti tərəfindən "Sənaye İli" adlandırılması Azərbaycanda iqtisadi diversifikasiyanın təməl ili kimi qiymətləndirilə bilər. Belə ki, 2014-cü ildə artıq diversifikasiya siyasətinin nəticələrini müşahidə etdik. Ümumidaxili məhsulda qeyri-neft sektorunun payı 62 faizə qədər yüksəldi. Büdcə gəlirlərinin formalaşmasında qeyri- neft sektorunun payı 25 faizdən 34 faizə qədər artdı. Ölkə prezidentinin iqtisadiyyatın diversifikasiyası ilə bağlı strateji siyasəti özünü artıq real iqtisadiyyatda göstərməkdədir. Bu təbii ki iqtisadiyyatın şaxələnməsi və qeyri – neft sektorunun inkişafı hesabına növbəti illərdə Azərbaycan iqtisadiyyatının dayanıqlı, eləcə də regionda baş verən böhrandan siğortalanmasına gətirib çıxaracaq".

Ekspert Azərbaycanın xarici kapitalına toxunaraq qeyd edib ki, ölkənin xaricdəki rezervləri xarici borclarında 8 dəfə çoxdur və bu halda Azərbaycan özünü uzunmüddətli böhrandan siğortalamış olur: "Azərbaycanın xaricdəki rezervləri xarici borcundan 8 dəfədən artıqdır. Artıq növbəti illərdə neftin qiymətindəki azalma tendensiyası davam edərsə belə Azərbaycanın böhranlardan və durğunluqdan siğortalanması və iqtisadiyyat üçün nəinki qısa müddətli, hətta uzunmüddətli siğortalanmasından xəbər verir".