Vaxtından əvvəl “doğulmuş” Xədicə

3 Yanvar 2015 10:50 (UTC+04:00)

Dünyada maraqlı adlar çoxdur. Onlardan biri də Xədicədir. Bu söz ərəb dilindən tərcümədə "vaxtından əvvəl doğulan qız" mənasını verir. Hətta bəzi din xadimləri peyğəmbər zövcəsinin də bu adı daşımasının onun peyğəmbərdən 15 il tez dünyaya gəlməsi ilə əlaqələndirir və bunda ilahi bir hikmət axtarırlar.

Başqa bir Xədicə də var. Xədicə İsmayılova. Amma onun varlığında heç bir ilahi hikmət axtarmaq lazım deyil. Düzdür, adının mənasına uyğun olaraq o da hövsələsizdir (adətən el arasında bu cür hövsələsizlərə "6 aylıq" da deyilir) amma bu hövsələsizlik öz xalqına, millətinə, dövlətinə, hətta dininə və həmkarlarına qarşı yönəlib. Sual oluna bilər, bu dözümsüzlüyün səbəbi nədir? Cavab çox sadədir, çünki onun əməlləri, gördüyü işlər heç bir əndazəyə sığmır, milli-mənəvi dəyərlər onun üçün sadəcə məqsədinə çatmaqda maneədir. O, fərqlənmək istəyir, bu isə elə də asan iş deyil. O, həyatda gözəl bir xanım kimi ailə quraraq fərqlənə də bilərdi, amma bunu bacarmadı. Gözəl ana ola bilərdi, ancaq bunu istəmədi. Rəssam, bəstəkar, tərcüməçi də ola bilərdi, amma bu mümkün olmadı. Bəs ən asan necə fərqlənmək olar? Əlbəttə, çoxluğa, həqiqətə, öz xalqına qarşı çıxmaqla, ermənilərin dəyirmanına su tökməklə, hay-küy salmaqla, başqalarının həyatı ilə oynamaqla.

Təsəvvür edin ki, şəxsi ambisiyalarına nə qədər aludə olub ki, öz həmkarı və yetişdirdiyi Tural adlı məlum gənci sırf ailə qurmasını istəmədiyi, yalnız "ona məxsus" olması üçün intihar həddinə çatdırır, sonra da heç bir şey olmamış kimi həbsində siyasi motiv axtarır. Axı bu həbsdə şahidlər də sənin yaxınlarındır, qurban da sənin "kadrın"dır. Yəni, bütün hadisələrin mərkəzində axı sən özün dayanırsan. Təcrübəsiz və maddi-mənəvi durumu o qədər də kamil olmayan bir əyalət müxalifətçisindən gözəl qurban ola bilməz. Xədicə İsmayılova isə bu qurbanı əldən çıxarmaq istəmədiyindən, onu intihar həddinə gətirdi. Amma hər şey siyasiləşdirilməyə çalışılır. Bu yolda kiçik də olsa ürəkbulandıran bir qrup mövcuddur ki, onlar da adətən belə məqamlarda aktivləşir, bu cür hadisələrdən sui-istifadə edərək mövsümü olaraq ölkəmiz hansısa mühüm tədbirlər keçirəcəyi, seçki ərəfəsi "vaxtsız banlayan xoruz" kimi hər hansı taftaloji bəyanatlar verir, qəpik-quruş aldıqdan sonra yenə öz "hücrələrinə" çəkilirlər. Xədicə İsmayıl kimi jurnalistlər xaricdən aldıqları küllü miqdarda pulların və ianələrin hesabına hər şeyə hazırdılar, təki "sahibləri" razı qalsın. Hətta, maliyyə bitən zaman "köhnə düşərgə"dən olan bu cür adamlar bir-birlərinə də həbs edilmə, ölüm və ya ən pis şeylər arzulayır. Məqsəd isə aydındır, yenidən hay-küy salınacaq, çaxnaşmaya cəhd ediləcək və ciblərə növbəti "dollar axını" başlayacaq.

Təsəvvür edin ki, bu fonda Xədicə İsmayılın həbsi adi kriminal hadisənin nəticəsidir. Xədicə də hamı kimi Azərbaycan vətəndaşıdır və digər jurnalistlərdən üstün hüquqa malik deyil. Özünün yetişdirdiyi və həmfikir olduğu məsləkdaşı sırf kriminal xarakterli əməlinə görə ondan şikayət edir və hüquq mühafizə orqanları da onu həbs edirlər. Hər şey çox sadədir – şikayət var, məhkəmənin hökmü var, təbii ki, həbs də olmalıdır. Amma ortalıqda elə həngamə qopub ki, guya Xədicə siyasi sifarişlə həbs edilib, nə bilim buna hazırlıq gedirdi və sairə. Axı bu cür olmadığını Xədicə İsmayıl özü də yaxşı bilirdi. Məhz, özü öz əməllərini bildiyi üçün hər yerə car çəkirdi ki, "məni həbs edəcəklər". Tanış cinayətkar psixologiyasıdır, cinayətkar öz cinayətini gizlətmək, özünü toxunulmaz etmək üçün hər zaman gündəmdə qalmağa çalışır. Əməllərinin cəzalanmalı xarakterini dərk etdiyi üçün özünü qoruma instiktini işə salır, həyəcan təbili çalır. Müxtəlif "təbillər" çalmağa öyrənmiş bir qisim həmkarı da bunun səsinə səs verir. Görün vəziyyət nə yerdədir ki, öz doğma yurduna, dədə-babasının qəbrini ziyarətə getmiş həmvətənlərimiz qondarma rejimin qondarma məhkəməsində həbs edilərək, əsirlikdə saxlanılır və bu bütün dünyaya nümayiş etdirilir. Ancaq Qərbin ayrı-ayrı beynəlxalq təşkilatlarının nədənsə buna səsləri çıxmır, ancaq Xədicə bunlara əziz adama çevrilir, hətta vaxt tapıb Xədicənin həbsinə belə münasibət bildirə bilirlər. Xədicə İsmayıl bunlar üçün niyə bu qədər əzizdir? Digər bir sual odur ki, görəsən özünü araşdırmaçı-jurnalist adlandıran Xədicə özündə cəsarət tapıb həmvətənlərimizin həbsini araşdırmaq üçün Qarabağa getsəydi və orada qondarma rejim tərəfindən həbs edilsəydi, o zaman yenə də eyni adamlar onu müdafiə edərdimi? Yəqin ki, onlar Xədicə adında adamı tanımadıqlarını bəyan edərdilər. Bəlkə də bunu Xədicə özü də dərk etmir. Ancaq belə olan halda, Azərbaycanda Xədicə İsmayılın həbs edilməsi məhz onların marağındadır.

Azərbaycan dövləti Xədicə İsmayılın həbsində heç zaman maraqlı olmayıb. Əgər belə olsaydı, Xədicə niyə indi həbs olunurdu? Məgər Xədicə bundan əvvəl də tənqidi yazılar yazmırdı? Tez-tez xaricə gedib-gələn Xədicə üçün Azərbaycanda hər hansı həbs təhlükəsi olsaydı, o zaman nə üçün bu ölkəyə qayıdırdı? Xədicə İsmayıl indiyədək yazdığı boş və mənasız yazılarını xaricdə də yaza bilərdi. Çünki Xədicə yaxşı anlayırdı ki, o bu cür yazıları və əməlləri ilə Azərbaycanda "qəhrəman" ola bilməyəcək. Anca düşünürdü ki. bir həbs onu "Janna Darka" çevirəcək.

Bəzən məndə belə təsəvvür yaranır ki, elə haqqında şikayət edilməsini və həbs edilməsini də Xədicə özü təşkil edib. Amma əsl həqiqəti hüquq-mühafizə orqanlarının ortaya çıxaracağı heç kəsə sirr deyil.

Mənə sirr qalan və maraqlı gələn odur ki, niyə müəyyən qüvvələr məhz Xədicəni seçiblər? Çünki Xədicə müsəlman qadındır, müsəlman ölkəsindədir, ilk İslamı qəbul edən qadın, yəni peyğəmbərin xanımı Xədicənin adını daşıyır. Yəqin ki, bu da müəyyən dairələrin arzu etdiyi obrazdır.

Həyatda isə fərqlənmək üçün kimlərinsə diktəsi ilə yaradılmış obraz yox, xalqına və millətinə layiq olmaq kifayət edir...