Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq, bu ifaçılığı əvəzsiz bir sənət sahəsi kimi gələcək nəsillərə çatdırmaq məqsədilə silsilə musiqi albomları buraxmağı vacib hesab edərək institutun nəzdində folklor studiyası yaradıb. AMEA-dan SİA-ya verilən məlumata görə, studiyada yeni buraxılan albomda dastan ifaçılığına örnək olaraq aşıq Hüseyn Saraclının ifasında "Əsli və Kərəm", aşıq Əkbərin ifasında "Novruz və Qəndab", aşıq İmran Həsənovun ifasında "Qurbani" dastanlarından əsas hissələr lentə alınıb. Hər üç dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır.
Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.