"Yeni il" ŞEİR

30 Dekabr 2014 10:11 (UTC+04:00)

Sevinin, a dostlar, sevinin bu gün

Yenə də bir yeni illə görüşdük.

Qəmi unutduran, kədəri danan

Neçə şirin-şirin dillə görüşdük.

Yenə də bir vərəq doldu ömürdən,

Bir qamçı da dəydi göy atımıza.

Bir çəngə gül-çiçək yoldu ömürdən,

Şənlik gətirənlər ovqatımıza.

Ürək odlandıqca gözlər yaş süzər,

Yaşlardır söndürən ürəkdə odu.

Olsa da həyatın sonucu kədər,

Sevincdə, gülüşdə, dəmdədir dadı.

Uşaq cavanlaşır, qocalır cavan,

Yaş üstə yaş gəlir, hər yeni ildə.

Qalacaq yenə də sirli, sehirli

Hər solan çiçək də, açılan gül də.

Sevinin, a dostlar, sevinin, bu gün

Sevinclər bəzəsin anlarınızı.

Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,

Müjdələr oxşasın günlərinizi.

Elbəyi Cəlaloğlu