Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində daha iki kəndə, Sabirabad rayonunun Məmişlər və Suqovuşan kəndlərinə təbii qaz verilib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 418 abonenti olan Məmişlər kəndinin ilk dəfə olaraq qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58777 metr olan müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 418 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 345 abonenti olan Suqovuşan kəndinin qaz təchizatının bərpası məqsədi ilə birpilləli sistem əsasında 36345 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 345 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Qeyd edək ki, 280 mənzilə təbii qazın verilişi bərpa edilmiş, 65 mənzilə isə ilk dəfə olaraq təbii qaz verilib.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

