"Salamlar" ŞEİR

29 Dekabr 2014 13:41 (UTC+04:00)

Bir ili də yaşayıb,

Qalanlara - salamlar.

Sevginin qucağında,

Olanlara - salamlar.

Həyatın bir anını,

Yalanların sonunu,

İtirdiyi canını,

Bulanlara - salamlar.

Gücünü, qüvvətini,

Taleyin qismətini,

Üzündən həsrətini,

Yonanlara - salamlar.

Dünyadan gedənlərə,

Ömürdən itənlərə,

Bu ruhsuz bədənlərə,

Donanlara - salamlar.

Dünyanın yaddaşına,

Bəxtlərin sirr daşına,

Hər şeyi özbaşına,

Qananlara - salamlar.

İtirilmiş torpağa,

Budaqsız hər yarpağa,

Yaş göndərib yanağa,

Yananlara - salamlar.

Dirilərək, ölərək,

Dərdimizi bölərək,

Üzümüzə gülərək,

Ananlara - salamlar.

Edilən günahlara,

İçdən qopan ahlara,

Qaranlıq sabahlara,

Çatanlara - salamlar.

Hər ötən ildə qalan,

İçimizdə boğulan,

Arxamızda yıxılan,

Qurbanlara - salamlar.

Çiynimizdə mələyə,

Hələ sevən ürəyə,

Allah, səninəm - deyən,

Adamlara - salamlar.