Nazir: "“Sovetski”də 30-a yaxın bina sökülməyəcək"

26 Dekabr 2014 15:30 (UTC+04:00)

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin aparat işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə kollegiya iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə il ərzində fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət işçilərinə ali mükafatlar təqdim edilib.

Kollegiyanın gündəliyi təsdiqləndikdən sonra nazir Əbülfəs Qarayev geniş məruzə ilə çıxış edib. Nazir cari ildə ölkəmizdə keçirilmiş möhtəşəm mədəniyyət tədbirlərindən, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışan natiq deyib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cari ilin Azərbaycan mədəniyyəti üçün uğurla başa çatdığını diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan 2014-cü ildə dünya əhəmiyyətli bir neçə möhtəşəm tədbirə ev sahibliyi edib. Bu tədbirlər sırasında mədəniyyət tədbirləri xüsusi önəm daşıyır.

Ə.Qarayev Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səylərini xüsusi qeyd edib.
Ə.Qarayev görülmüş işlər, əldə olunmuş uğurlarla yanaşı, mövcud problemlərdən də söz açıb.

Tədbirdə gündəlikdə duran məsələlər geniş müzakirə olunub.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə ilin yekunlarına həsr edilən mətbuat konfransı keçirilib.

Konfransda nazir "Sovetski" kimi tanınan yerdə abidələrin sökülməsi ilə bağlı jurnalistlərə açıqlama verib: "Bildiyiniz kimi "Sovetski"də 118 tarixi abidə var. Ola bilər, onların bəziləri tarixi abidə kimi o qədər də əhəmiyyətli deyil, amma muzey olduqları üçün onlara toxunulmayacaq. Orada Cəlil Məmmədquzadənin, Abdulla Şaiqin ev muzeylərini göstərə bilərəm. Həmçinin elə binalar da var ki, onların əhəmiyyəti o qədər də çox deyil. Amma üzərlərində xüsusi memarlıq bəzəkləri var ki, həmin binalar da məhz o bəzəklərə görə bu siyahıya salınıb. Əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən binalardan təxminən 30-a yaxını sökülməyəcək".

Nazir həmçinin kinoteatrlarda xarici filmlərin dublyaj olunmadan nümayiş edilməsi məsələsinə də toxunub. Bildirib ki, sözügedən məsələ nazirliyi də narahat edir: "Azərbaycan kinoteatrlarında nümayiş olunan filmlər ya Azərbaycan dilinə dublyaj olunaraq nümayiş olunmalı, ya da subtitrlərlə göstərilməlidir. Hazırda bütün filmlər reyestrdən keçirilir. Amma burada bizə çətinlik yaradan başqa məsələ var ki, onlar həll olunmalıdır. Məsələn, bir filmin dünya premyerası olanda həmin film eyni gündə bir çox ölkələrdə eyni vaxtda göstərilir. Belə filmləri əvvəlcədən reyestrdən keçirmək mümkün olmur. Filmi alanların da imkanı çatmır ki, onu dublyaj etsin. Ona görə filmi olduğu kimi nümayişə buraxırlar. Bu da "Dövlət dili haqqında" qanunla ziddiyyət təşkil edir. Bu səbəbdən biz indi qanunvericilikdə nəzərdə tutmalıyıq ki, bütün filmlər heç olmasa, titr vasitəsilə tərcümə olunandan sonra nümayiş olunsun".

Qeyd edək ki, sonda ən yaxşı turizmlə bağlı məqalə yazan jurnalistlər diplom və pul mükafatları ilə təltif ediliblər.