Gənclər Bilik Fondunun daim diqqətindədir FOTO

26 Dekabr 2014 14:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları gənc rəssam Qənirə Xəlilova ilə görüşmək üçün Ağdaş rayonuna gediblər. Fondun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, yerli nümayəndə Səffar Əzməmmədov Fondun əməkdaşlarına Abad kəndində yaşayan istedadlı gənc rəssam Qənirə Xəlilovanın yaradıcılığı haqqında məlumat verib, onun bu sahədə qazandığı uğurlardan danışıb.

Bilik Fondunun əməkdaşları Abad kənd orta məktəbinin məzunu, ağır xəstəlikdən əziyyət çəkən gənc rəssam Q.Xəlilovaya baş çəkib, onun rəsmləri ilə yaxından maraqlanıblar.

Valideynləri Q.Xəlilovanın yaradıcılıq qabiliyyətindən, rəsm sənətinə marağından, fiziki durumuna baxmayaraq, gələcəyə nikbin baxışından bəhs ediblər. Q.Xəlilova bir-birindən maraqlı rəsmlər çəkmək üçün onun fiziki qüsurunun əngəl olmadığını deyib. "Məncə, cəmiyyətə faydalı insan olmaq, daxili aləmini ifadə etmək üçün fiziki sağlamlıq vacib şərt deyil. Çoxlu dostlarım var. Mən arzularımı və düşündüklərimi rəsmlərin dili ilə çatdırmağa çalışıram. Böyük məmnuniyyətlə bacardıqlarımı kiçik yaşlı uşaqlara öyrətməyə hazıram".

Bilik Fondunun icraçı direktoru O.Səmədov Bilik Fondunun bir-birindən maraqlı layihələrinə Q.Xəlilova kimi gənc istedadların cəlb olunacağını deyib.

Gənc rəssama fəaliyyətində uğurlar arzulayan O.Səmədov ona Fondun hədiyyələrini – rəsm çəkmək üçün müxtəlif fırçalar, boyalar, lövhələr təqdim edib.

Yaxın zamada Bilik Fondu Qənirə Xəlilovanın fərdi sərgisini də keçirməyi planlaşdırır.