Kimsən, ey doğulan?!
Ağlaya-ağlaya
Neçənci əsrdən dönüb gəlirsən?
Dünyanın sirrini yəqin bilirsən.
Danış, de görüm
– Mən sənin nəyinəm,
Sən mənim nəyim?
Kimsən, ey doğulan.
Günəşin istisi qurutmayınca,
Küləyin nəfəsi, havanın dadı
Yuyub aparmayınca
Buğlanan, tər yaddaşını,
Danış, din görüm!
Kimsən ey doğulan?!
Bu günəş, bu hava
Qamaşdırar üz-gözünü,
İşıqda açılmış fotolenti tək
Solar, solar yaddaşın;
Dil açanacan unudular yaddaşın...
Danış, din görüm –
Kimsən ey doğulan?..
Rəşad Məcid