Azərbaycan Fotoqraflar Birliyi 2014-cü ilə yekun vurub

21 Dekabr 2014 15:19 (UTC+04:00)

"Nizami" kinoteatrında Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilati dəstəyi ilə "İlin fotoqrafı-2014" mükafatının təqdimat mərasimi olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə 2014-cü ilə yekun vurulub, müxtəlif nominasiyalarda diplomlar və fəxri fərmanlar təqdim olunub: "AFB-yə dəstəyə görə" - Xəzər Universiteti; "Say Cheese", "Photo man-2013" və "Photo-school.eu" layihələrinə görə" – Gürcüstan Fotoqraflar Assosiasiyası; "İlin veb-saytı" - 1905.az portalı; "İlin jurnalisti" - Şirməmməd Nəzərli; "İlin televiziyası" – Regional TV; "Fotoqrafiya sənətində xidmətlərinə görə" – Fətəli Fətəliyev və Mehdi Abbasov; "İlin fotolayihəsi" – "Xocalı Harayı"; Hüseyn Hüseynzadə adına "Ümid" mükafatı – Məhəmməd İsmayılov; "İlin mətbuat fotoqrafı" – Rəsul Rəhimov mükafatlandırılıb. "Bürünc arqus" Araz Talıbova, "Gümüş arqus" Gülnarə Səlimovaya, "Qızıl arqus" Əlzamin Cəfərova təqdim edilib. "İlin fotoqrafı -2014" adına Dilavər Nəcəfov layiq görülüb.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi adından tanınmış şoumen Bəhram Bağırzadəyə xüsusi mükafat təqdim olunub. "Art Faktor" təşkilatının təsis etdiyi "Bədii fotoşəkil" mükafatını Fəxriyə Məmmədova qazanıb.