"Tapa bilməz" ŞEİR

20 Dekabr 2014 10:31 (UTC+04:00)

Təpədən dırnağa hirs içindəyəm

Dönmüşəm dustağa hirs içindəyəm.

Bu hasar içində, bu hirs içində

Ürəyim özünə yer tapa bilməz.

Bir çiçək qoxusu, bir quş səsi də

Daha ürəyimə yol tapa bilməz.

Səpdim öz yarama mən öz külümü

Adam öz külünə bulanır belə.

Dişim parça-parça kəsir dilimi

Şeirim hecaya bölünür belə...

Mən belə adamam məndən uzaq gəz

Uzaq gəz xeyirimdən, şərimdən mənim

Daha bu qələmim çiçək bitirməz

Qızlar çələng hörməz şeirimdən mənim..

Qaçdım məni sevən gözlərdən daha

Hamının sevgisi gözündə qalsın

Ev tikən deyiləm sözlərdən daha

Qoy hamı o çölün düzündə qalsın.

Sən də daşlamağa özgəsini tap

Məni ömür boyu daşlayan adam

Gilası mürəbbə quzunu kabab

Şairi heykəl tək xoşluyan adam.

Yox heykəl ummuram bu yer üzündə

Mənim daş olmağa yoxdu həvəsim.

Daş olub lap ulu Füzulinin də

Yanında durmağa yoxdu həvəsim.

Mən sənin yanında dururam

Sənin... küçənin tinində dilənən qarı

Başından var-dövlət yağan ölkənin

Bəxtəvər günündə dilənən qarı.

Heç kəs sığal çəkməz düm ağ saçına

O gümüş telindən öpürəm sənin

Qorxma pul qoymuram sənin ovcuna

Əyilib əlindən öpürəm sənin

Ramiz Rövşən