Güclü lider, qüdrətli dövlət amili

11 Oktyabr 2014 14:44 (UTC+04:00)

Azərbaycan xalqı öz Liderinə güvənir və Onun mütərəqqi siyasətini dəstəkləyir

Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonra sanki uca Allah bu ölkəni sınağa çəkdi və bu sınaq nəticəsində, 90-cı illərin əvvəllərində müstəqilliyimizin itirilməsi təhlükəsini demək olar ki, yaşadıq, gördük. Lakin uca Allahın xalqımıza bəxş etdiyi böyük sərkərdə, müdrik siyasi xadim, canını vətən uğrunda fəda etməyə hazır olan Ulu Öndər Heydər Əliyev vaxtında Vətənin harayına səs verərək dövlət müstəqilliyimizin itirilməsinə imkan vermədi. Sonrakı illərdə Onun yaratdığı dövlətçilik ənənələri və müəllifi olduğu böyük ideyalar inkişaf edərək tam oturuşmuş, inkişaf edən dövlət yaratdı.

Bü gün cənab İlham Əliyevin güclü Lider, qətiyyətli dövlət başçısı kimi fəaliyyətinin əsaslarını məhz Ümummilli Lider Heydər Əliyev ideyalarını daha da təkmilləşdirərək ondan mükəmməl şəkildə yararlanması təşkil edir. Məhz bu amilləri nəzərə alaraq demək olar ki, Onun Respublikamıza rəhbərlik illərini Azərbaycanı daha qüdrətli edən dövr kimi xarakterizə etmək olar. Belə ki, Prezident İlham Əliyev hələ ilk prezidentliyi dövründə dövlətin güclənməsi üçün iqtisadi inkişafı prioritet vəzifə kimi elan etdi. Cənab Prezident vurğulayırdı ki, müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar bu məqsədin reallığa çevrilməsini təmin edib.

Daha bir əhəmiyyətli məqam isə bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü faktorudur. Çünki ölkəmizin nüfuzu və günü-gündən artan siyasi sözügedən amilin bariz sübutudur. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycanın çəkisi artdıqca, imkanları da genişlənir. Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. Son on ildə və bu ilin ikinci yarısına qədər ölkə iqtisadiyyatına 150 milyard dollar vəsait qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Təbii ki, bu da Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğunu təsdiqləyir. Ölkəmizdə ictimai-siyasi sabitliyin, normal biznes mühitinin mövcudluğu ölkəmizə investisiya axınını sürətləndirir. Daxili investisiyaların da həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısının göstəricisidir. Cənab Prezident 2013-cü ildə ölkə başçısı seçiləndən sonra andiçmə mərasimində bir daha bu reallığı diqqətə çatdırır ki, iqtisadi inkişaf tempinə görə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır.

Məhz bu fakt dövlət başçısının siyasi fəaliyyətində çox mühüm amildir ki, iqtisadi uğurları sosial rifahın yüksəlməsinə yönəldə bilsin.

Bu mənada onu da vurğulamaq isrətdim ki, Prezident İlham Əliyev iqtisadi uğurları sosial firavanlığa çevirmiş müdrik dövlət başçısıdır. Onun bütün siyasi fəaliyyətinin ana xəttini vətəndaşa yüksək həyat şəraitinin təmin edilməsi təşkil edir.

Prezident İlham Əliyevin Fərmanı ilə "2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları ilə bağlı Dövlət Proqramı"nın təsdiqlənməsi və uğurla icrası da bu məqsədə xidmət edir. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Bir mühüm faktı xatırlatmaq istəyirəm ki, 2009-cu ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranı hər bir ölkənin nəyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycanda iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması bu böhrandan uğurla çıxmasını təmin etdi.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının yerinə yetirilmə səviyyəsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi bölgələrdə olan dövlət başçısı İlham Əliyev əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanır, təklif və təşəbbüslərinin reallaşmasını, lazımi tədbirlərin görülməsini yerli idarəetmə orqanlarına əsas vəzifə kimi tapşırır. Bu gün paytaxt və bölgələr arasında fərqin aradan götürülməsi də bu inkişafın göstəricisidir. Artıq bu danılmaz həqiqətdir ki, indi Azərbaycan quruculuq meydanını xatırladır. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılıqda sərəncamlar imzalaması və dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılması da bu diqqət və qayğıdan irəli gəlir. Ölkə Prezidentinin vurğuladığı kimi, ən önəmlisi budur ki, Azərbaycan cəmiyyətində islahatların aparılması üçün çox böyük həvəs, maraq, böyük ruh yüksəkliyi vardır.

Xarici siyasətdə də Cənab Prezident ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyaraq milli təhlükəsizliyimizi tam təmin etmişdir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Xüsusən, müharibə şəraitində yaşayan bir ölkədə dövlət büdcəsində hərbi təyinatlı xərclər üçün ayırmalara, ordu quruculuğuna bu cür diqqət və qayğı təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün danışıqların istənilən nəticəni verməyənə kimi orduya ayırmalarda artımı daim diqqətdə saxlanılacağını vurğulayan Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının - dünyanın ən mötəbər qurumunun 4 qətnaməsi, digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələrinin icra edilməməsini ədalətsizlik hesab edərək bir daha bildirir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Azərbaycanın 2011-ci ildə 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin qazandığı uğurlara, eyni zamanda, ədalətli mövqeyinə əsaslanır. Bu uğurumuz təbii ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz müsbət təsirini göstərəcək. Xüsusən, beynəlxalq əhəmiyyətli tədbirlərdə inkişafın Azərbaycan modelinin mövcudluğunun qeyd olunması və bunun öyrənilməsinin vacibliyi barədə ürəkaçan fikirlərin səsləndirilməsi təbii ki, ən böyük uğurumuzdur. Dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında, sorğu mərkəzlərinin apardıqları sorğuların nəticələrində Azərbaycanın hər zaman yüksək göstərici əldə etməsi onu deməyə əsas verir ki, inkişaf, tərəqqi dövlətimizin siyasətində əsas yer tutmaqla yanaşı, bu istiqamətdə əhəmiyyətli addımlar atılmış və bunun nəticəsi olaraq ölkəmizə beynəlxalq baxış yüksək səviyyədədir.

Mən bir daha ötən il İlham Əliyevin ölkə Prezidenti seçilməsi tarixini xatırlamaq istərdim. Çünki bu qələbə həm də Yeni Azərbaycan Partiyasının qələbəsi idi. Məhz həmin zamanlarda xalqımız birmənalı olaraq bildirirdilər ki, Azərbaycanın bundan sonrakı inkişafı, milli təhlükəsizliyinin təminatı və işğalda olan torpaqlarımızın azad edilməsi üçün məhz yenidən möhtərəm İlham Əliyevi seçəcəklər. Uğurlu, möhtəşəm təbliğat -təşviqat kampaniyası ərəfəsində bir daha əmin olduq ki, Prezident İlham Əliyevin namizədliyinin YAP tərəfindən irəli sürülməsi bir xalq sifarişi idi. Təbii ki, xalqın belə yüksək səviyyədə sevgisini qazanmış dövlət Liderini ancaq möhtəşəm uğurlar gözləyir.

Seçkilərdə cənab İlham Əliyevin zəfər çalaraq yenidən Prezident seçilməsi Azərbaycan dövlətinin və xalqının siyasi həyatında daha möhtəşəm inkişaf mərhələsinin başlanğıcını qoydu. Əslində, bu qələbə yalnız ölkəmiz üçün deyil, eyni zamanda region, bütün türk dünyası, o cümlədən dünyadakı 50 milyonluq azərbaycanlılar üçün bir inkişaf tarixi yaradan liderin qətiyyətli və müdrik siyasi fəaliyyətinin labüd nəticəsi idi.

Bu gün Prezident İlham Əliyev bir daha vurğullayır ki, O, Azərbaycanı dünyanın lider dövləti statusuna qədər yüksəldəcək. Bu faktor reaalaşdırılmaq üzrədir. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan əsas hədəf də ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görmək, yüksək gəlirli ölkəyə çevirməkdir. Məhz bu kimi əhəmiyyətli məqamların Prezident İlham Əliyev Cənablarının rəhbərliyi altında reallaşması, ölkədəki yoxsulluğu və işsizliyi sıfra endirməklə, vətəndaşlara ən yüksək həyat şəraiti bəxş edəcəkdir. Azərbaycanımızı, xalqımızı isə qarşıda daha nəhəng, daha davamlı uğurlar gözləyir - İlham Heydər oğlu Əliyev Cənablarının Liderliyi, rəhbərliyi və əlbəttə ki, müdrik siyasəti nəticəsində. Çünki bu gün Onun ətrafında həm də tükənməz xalq amili, tükənməz xalq sevgisi formalaşıb. Bu faktor isə əbədi olaraq öz müvcudluğunu qoruyub-saxlayacaq!