"Qaranquş" ŞEİR

19 Dekabr 2014 11:41 (UTC+04:00)

Əsdi vədə yeli…yaz müjdəsilə

Qondun eyvanıma yenə, qaranquş!

Mən sənin eşqinlə gəlirkən dilə,

Uçmağın dərd oldu mənə, qaranquş!

Bir zaman yuvanı uçurmuşam mən,

Bəlkə də, bəlkə də o yadındadır.

Dilin yox, dərd açıb söz söyləyəsən,

Dilin də, sözün də qanadındadır.

Bəzən əlində şiş, çiynində yaba

Uşaqlar yanıma yığıldı, ay quş!

On günə, bir aya tikdiyin yuva

Bircə an içində dağıldı, ay quş!

Yelləmi, selləmi keçdi ötən gün?

O, bəlkə ötəri şimşək səsiydi.

Sənin öz yuvandan ayrı düşməyin

Mənimçün bir uşaq əyləncəsiydi.

Bəlkə bu halımdan incidi dağ-daş

Bunu öz vaxtında duya biləydim.

Bir günlük uşaqlıq günahmı, kaş

Bütün ömrüm boyu yuya biləydim.

Bilmədim o günün ani nəşəsi

Mənə dərd olacaq ömrüm uzunu.

Bəlkə ev qayğısı, övlad nəfəsi

Olmasa indi də duymazdım bunu.

Eh, xəyal nələri gətirir yada…

Yeni müjdən ola mənə, qaranquş!

Körpəlik gülüşüm qanadlarında

Bir gün geriyə dönə, qaranquş!

Vaxt olur cansızdan can umur insan-

Adi təsəllidir, bunlar da ancaq.

Uçan körpəliyin, uçulan yuvan

Onsuz da geriyə qayıtmayacaq.

Gəl yenə yuva qur doğma yerində,

Könlüm həsrətinlə dindi, qaranquş!

Ta uçma, çəkinmə məni görəndə,

Mən uşaq deyiləm indi, qaranquş.

Məmməd Araz